Paşinyan höküməti tək Ermənistanı yox, bütün regionu böyük təhlükəyə atır-Zeynal Əmrəliyev- ÖZƏL
1 Aprel 2024 19:02 Siyasət"Şüphəsiz ki, baş verən hadisələrin əsas məğzində məhz 5 aprel görüşü dayanır. Ermənistan hər zaman belə görüş ərəfələrində təxribatçı əməllər törədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Götürək, 2023-cü il mayın 14-də Brüsseldə keçiriləcək görüş ərəfəsində Ermənistanın məlum təxribatını. Həmin görüşdən 2-3 gün əvvəl Ermənistan cəbhə bölgəsində genişmiqyaslı təxribat törətmişdi. Təkcə bunu xatırlamaq kifayətdir. Hər görüş ərəfəsində bu cür təxribatlara gedir. Xüsusilə bu görüş ərəfəsində belə bir təxribat Ermənistana hava, su kimi lazımdır. Nəyə görə? Çünki, Ermənistanın Qərbdən istədiyi təhlükəsizlik zəmanəti, əslində hərbi dəstəkdir. Ursula Fon der Lyayen, Antoni Blinken və Nikol Paşinyan arasında keçiriləcək görüşün əsas məqsədi budur. Paşinyan həmin görüşə məzlum sifəti ilə getmək istəyir. Buna görə də, müəyyən təxribatlara getmək niyyətindədir. Xüsusilə Paşinyana güvənc verən Fransadan, Hindistandan aldığı silahlardır. Bu mənada cəsarətlənib, hansısa təxribata getmək niyyətində ola bilər. Ancaq hesablamalıdırlar ki, Azərbaycan buna çox kəskin reaksiya, cavab verəcək. Baş verəcək təxribat Ermənistanın tamamilə fiaskosu ilə nəticələnə bilər.
Paşinyan höküməti tək Ermənistanı yox, bütün regionu böyük təhlükəyə, oyuna atacaq. Görüş öncəsi bu cür təxribatların baş verməsi Ermənistanın özünə ziyandır. Görüşdən sonra Ermənistana bölgədəki ölkələrin, ənənəvi müttəfiqlərinin reaksiyasını görəcəyik. Çünki, Rusiya və İran Qərbin bölgəyə gəlməsini istəmir, Ermənistan isə bunda israr edir. Görək, Rusiya və İran Ermənistanın Qərbi bölgəyə çəkmək cəhdlərinə necə münasibət göstərəcəklər? Rusiyanın çox kəskin reaksiyasını təsəvvür etmək mümkündür".