Üçlü hərbi alyans cəhdləri çoxfasadlı və olduqca fəsadlıdır-Şəbnəm Həsənova- ÖZƏL
1 Aprel 2024 16:40 Siyasət"Azərbaycan beynəlxalq nizamda baş verən xaosu, bu xaosdan da yararlanaraq müxtəlif istiqamətlərdə atılan addımları nəzərə alaraq Ermənistana düzgün alınacaq, mümkün alına biləcək qərarları da, onların ünvanını da aydın göstərdi".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin bəlli siyasi məqsədlərlə bölgədə formalaşdırılan bu süni dövlət çoxəsrlik xislətindən əl çəkə, qəlibindən çıxa bilmədi, eyni trayektoriya üzrə pozucu addımlarına və diktə siyasətinə davam etdi. Nəticə etibarilə Ermənistan qazdığı quyuya özü düşür. Bu gün erməni cəmiyyətində də, hakimiyyət strukturlarında da parçalanma mövcuddur. Zənnimcə, bundan daha təhlükəli məqam vaxtilə Azərbaycan ərazisində separatçı, qondarma qurum yaradan Ermənistanın bir dövlət kimi böyük qüvvələr arasında artan parçalanma ehtimalıdır. Çünki tarix və siyasi reallıqlar ondan xəbər verir ki, hər bir fövqəl qüvvə də, dövlət də nizamı da, beynəlxalq hüququ da öz maraqlarını təmin etdiyi təqdirdə müdafiə edir. İstifadə olunan vasitələrsə tarixin tozlu zibilliyinə qərq olmağa məhkumdur. Ermənistan sadəcə bu vasitələrdən biridir. Nikol Paşinyan neçə istiqamətdə oynamaq istəyirsə, bir o qədər istiqamətdən də Ermənistanın başı üzərində dolanan qara buludlar daha aydın görünür. Paşinyanın kürsüsünə göz dikənlər, yıxmaq istəyənlər onu daxildən də, xaricdən də "yeyir". Bu istiqamətdə maraqlı məqamlardan da biri də odur ki, Qarabağ separatçılarının sabiq rəhbəri Samvel Şahramanyan "mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir" fikirlərini Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" nəşrinə müsahibəsində deyib. Nikol Paşinyanın Emmanuel Makronla olan münasibətlərini nəzərə alsaq istər-istəməz sual yaranır ki, bacıların sevgisi elə bu qədərmiş? Maraqlar ağır basanda isə "bacılar" da qürbətə gedərmiş.
Rusiya-Qərb savaşı Ermənistanın əli ilə Cənubi Qafqaza da gətirilir, bölgəmizdə üçlü hərbi alyans yaradırlar. Ermənistana cəsarət verən amil isə 5 aprelə dair verilən vədlərdir. Qərbin ritorikası, addımları sadəcə ikiüzlü, çoxbaşlı deyil, həm də çoxfasadlı və olduqca fəsadlıdır. Növbəti döyüş meydanının Cənubi Qafqaz seçilməsi, mini-Nato mexanizminin yaradılması, Ermənistanın Azərbaycana qarşı silahlandırılması Ermənistanı uduzdurmayacaq, həm də məhv edəcək. Ermənistanın müharibəyə kimi formalaşdırdığı zirehli texnika və canlı qüvvənin ünvanı məlumdur. Belə bir addımların indi də atılması isə onun dövlət kimi mövcudluğunu, aqibətini ciddi sual altına salacaq. Təzyiqin süni yollarla, bilərəkdən artırılmasını, baş verənlərə görə məsuliyyəti Ermənistan qədər, onun havadarları da bölüşür.
30 ilə yaxın zaman çərçivəsində keçmiş münaqişənin mümkün həll yolları da, Ermənistana təzyiq alətləri də məhz Qərbin əlində cəmləşmişdi. Qərb isə nəinki Ermənistana təzyiq göstərmədi, əksinə işğalçının başına sığal çəkdi, qeyri-qanuni fəaliyyət və köçürmə-Qarabağın nüfuzunu süni şəkildə artırmaq yolunu tutdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində addımlar atarkən bütün bunların qarşısını aldı, döyülən qapıları nəinki bağladı, hətta qıfılladı. Beləliklə də Ermənistan daha azğınlaşdı, quduzlaşdı. ABŞ və Avropa İttifaqı tərəfindən Azərbaycan üçün bir dənə belə platforma yaradılmadı ki, haqq səsimizi çatdıra bilək. Tarixi torpaqlarımızı işğaldan azad etdik, minalardan təmizləməyə başladıq mina probleminin həllinə belə dəstək vermədilər. Hansısa kiçik bir ərazinin, kəndin bərpasına belə dəstək olunmadı. Qərb təkidlə bölgədə sülh və sabitliyə təhdid olan olduqca riyakar siyasət həyata keçirir".