Həqiqətə həqiqət gözü ilə baxmağın zamanıdır- ÖZƏL
1 Aprel 2024 11:50 Siyasət"Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bütün dövrlərdə qarşımızda dayanan əsas çağırışlardandır. Hər zaman bəyan olunduğu kimi, həqiqətə həqiqət gözü ilə baxmağın zamanıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin təqdimatıdır: "Əvvəldə də qeyd etdiyimiz kimi, 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının nəticəsi olaraq yaranan, hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli dünya güclərinin Ermənistana göstərdiyi dəstəyin nəticəsi olaraq 30 il uzandı. O dövrün hadisələrindən bəhs edərkən XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xüsusi qeyd edilir. Bu soyqırım erməni vəhşiliyinin növbəti nümayişi oldu. Amma Azərbaycanın 30 il bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində apardığı "Xocalıya ədalət" çağırışı cavabsız qaldı. Ölkəmiz bu qanlı cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə çalışdı. Dövlət başçısı İlham Əliyevin bu ilin 26 fevral tarixində Xocalı rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, ancaq gördük ki, bu ədaləti biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir. Qalan ərazilər beş ay bundan əvvəl azad edildi".