Qərb Ermənistanı yeni müharibəyə hazırlayır- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşün vaxtı daraldıqca Ermənistan hərbi təxribatlarını artırır. Ermənistanın təxribat cəhdləri o həddə çatıb ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi haqda bəyanat yaymaq zorunda qalıb. Maraqlıdır, Ermənistan sərhəd zolağında hərbi texnika yerləşdirmək cəsarətini haradan alır? Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi nə məqsəd daşıyır?
Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin sözügedən bəyənatını təsadüfi hesab etmək olmaz: "Hazırda Ermənistanda ciddi siyasi proseslər gedir. Revançist qüvvələr baş qaldırıb, ölkəyə xarici təsirlər artıb, Baş nazir Paşinyana qarşı olan qüvvələr mühacir hökumət yaratmaq iddialarını ortaya qoyublar, katalizator rolunu oynayan erməni diasporası fəallaşıb və sair. Belə bir şəraitdə ölkə vətndaşlarının dəstəyinə etibar etməyən Paşinyan hakimiyyəti xaricdə havadar axtarmaq zorunda qalıb. Üstəlik Avropadakı ermənipərəst qüvvələr Paşinyana şirin vədlər verərək öz tərəflərinə çəkməyi bacarıblar. Məhz bunun nəticəsidir ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Hazırda Azərbaycanla sərhəddə baş verənlər də məhz ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşünün nəticəsidir. Ermənistanın özündə cəsarət taparaq sərhədə canlı qüvvə və zirehli texnika yığması da buradan qaynaqlanır. Məsələ orasındadır ki, Qərbin çirkin niyyətinin nəticəsi olaraq regionda üçlü hərbi alyans yaratmaq planı işlənilir".
Onun sözlərinə görə, Azərbaycanın iştirakı olmadan Ermənistanla hər hansı müzakirənin aparılması heç bir halda regionda sülhə və barışa xidmət edə bilməz: "Azərbaycan qalib tərəf omasına baxmayaraq qarşı tərəfə beynəlxalq hüquqa söykənən ədalətli sülh şərtlərini təqdim edib. ABŞ və Avropa İttifaqı ən azı bu şərtlərin detaları ətrafında müzakirələr üçün vasitəçi ola bilər. Hansı ki, Azərbaycan danışıqların vasitəçi olmadan aparılmasının tərəfdarıdır. Bütün bunların əvəzinə Qərb Ermənistanı açıq-aşkar surətdə silahlandırmaqla yeni müharibəyə hazırlayır. Bundan ötrü Ermənistan üçün mini-NATO mexanizmi yaradır. Bu halda qətiyyətlə demək olar ki, regionda baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31