Ermənistana Azərbaycanla sərhəddə qoşun yığmaq sifarişi xaricdən verilib- ÖZƏL
1 Aprel 2024 10:36 Siyasət"Ermənistanın dünən sülhdən danışan, bu gün ordunu döyüş hazırlığı ilə sərhədə yığan rəhbərliyi sələflərinin siyasətini davam etdirir. Yeni toqquşma olacağı təqdirdə Ermənistan yeni ərazilər itkisinə məruz qalacaq". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqan müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan rəhbərliyi Fransa və Hindistandan aldığı bir neçə raket və artilleriya batareyaları ilə hərbi pariteti öz lehinə dəyişəcəyini zənn edirsə, strateji səhvə yol verir: "Nikol Paşinyan dörd kəndi geri vermək üçün xalqı sakitləşdirmək üçün ordunu sərhəddə yıgırsa, bununla müharibə qorxusu yaradırsa, deməli təxribatlara gedə bilər. Azərbaycan sərhəddə qoşun cəmləşdirməyib, bunu Ermənistan edirsə, sifariş xaricdən verilib".
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması əvvəlki illərdən daha yaxın idi. Həm Azərbaycan tərəfindən, həm Ermənistan tərəfindən pozitiv açıqlamalar verilirdi: "Xüsusilə rəsmi Bakı sülh müqaviləsinin bağlanmasına daha israrlı şəkildə çalışır. Baş nazir N. Paşinyan Qazaxın dörd kəndinin verilməsi vacibliyini də xüsusi olaraq qeyd edib. Amma, iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olan dövlətlər Ermənistana təsir edir. Burada Fransa və İran daha aktiv rol oynayır. Həmçinin Rusiyada sülh olmaması üçün əlindən gələni edir.
Qeyd edim ki, Ermənistan hakimiyyəti müstəqil siyasi iradəyə malik olmadığı üçün N. Paşinyanın sülh mesajlarında ehtiyatlı olmağı qeyd etmişəm. Ermənistan tərəfinin Azərbaycanla sərhəddə artilleriya və qoşun yığması bir daha göstərdi ki, N. Paşinyan müstəqil siyasət ortaya qoya bilmir. Azərbaycanla İran arasında son günlər soyuq münasibətlərin yaranması və prezidentlərin görüşünün təxirə salınması məhz İranın sülhə mane olduğundan irəli gəlir. İran Ermənistana silah daşınmasında əsas tranzit ölkədir. Məhz hazırda Ermənistanın sərhəddə qoşun yığması Fransa, İran və Rusiya məmnun görünür.
N. Paşinyan Azərbaycanla müharibə etmək istəyirsə, əsas hədəfi danışıqlarda üstünlük əldə edib, Qarabağdan köçən ermənilərin geri qaytarılması şərtini Azərbaycana qəbul etdirmək. İkinci, Cermux istiqamətində Azərbaycana qoşunlarının geri çəkilməsinə nail olmaq. Həmçinin Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmaqdan ibarətdir. Bu plan Fransa, İran və Rusiyanın maraqlarına uyğundur".