İran bu görüşün nəticələrinə qarşı sərt mövqeyini bildirməlidir-Sahil Kərimli- ÖZƏL
29 Mart 2024 22:08 SiyasətAprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Aİ arasında keçiriləcək görüş şüphəsiz ki, Cənubi Qafqazda baş verən prosesləri daha da gərginləşdirmək, ümumiyyətlə Cənubi Qafqaza Qərbin və Avropanın daha fəal nüfuz etməsi ilə nəticələnəcək. Şüphə yoxdur ki, Qərb və Avropa ölkələri Ermənistandan alət kimi istifadə etməklə bölgəmizdə ciddi gərginliyin və qarşıdurmanın yaranmasına gətirib çıxara biləcək addımlar atacaq.
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
Bu görüşə ilk növbədə bölgə ölkələri- Gürcüstan, İran və Türkiyə ciddi təpkilər göstərməlidir. Azərbaycanın mövqeyi ortadadır. Azərbaycan dövləti bölgəmizə digər tərəflərin-ABŞ və Avropanın nüfuz etməsinə qarşı olub. Bölgədə daim sülhün və təhlükəsizliyin tərəfdarı olub. Hazırda görünən odur ki, ABŞ, Avropa İttifaqı Ermənistandan vasitə kimi istifadə edərək bölgəyə-Cənubi Qafqaza ciddi təsirlər etməyə çalışırlar. Burda siyasi və hərbi əməkdaşlıqdan söhbət gedir. Bu görüşdən yaranacaq nəticələr deməyə əsas verir ki, bölgəmizdə çox böyük riskli və gərgin proseslər baş verə bilər. Burda İranın məsələyə mövqeyini xüsusi qabartmaq istərdim.
Çox vacibdir ki, İran Ermənistanın bu ittifaqına qarşı çıxsın. Çünki, məlum olduğu kimi İran, Qərb və Avropa ölkələri ilə daim qarşıdurmadadır. Bu ölkələrdə İran arasında daim soyuq müharibə gedir. İrana çox ciddi təzyiqlər var. İran dəfələrlə bildirib ki, Qərbin və Avropanın bölgəyə gəlməsi onun üçün çox ciddi problemlər yarada bilər. Belə olduğu halda, İran da öz sərt mövqeyini ortaya qoymalıdır. Çünki, istənilən halda hansı ölkə olmasından asılı olmayaraq yüz kilometr, min kilometrlərlə uzaqda yerləşən ölkələrin bölgəmizə-Cənubi Qafqaza nüfuz etməsi heç bir ölkə tərəfindən qəbul edilən deyil. İran da bu görüşün nəticələrinə qarşı sərt təpkilərini bildirməlidir. Xüsusilə də, Ermənistanla İranın münasibətləri aylar əvvəl çox istiləşmişdi. İran Ermənistana müəyyən yardımlar edirdi. İranla Ermənistan arasında çox sıx əlaqələr var idi. Bu gün İran öz siyasətinin necə yanlış olduğunu anlamalıdır. Çünki, Ermənistan kimi işğalçı, separatçı, bölgədə ciddi təxribatların yaramasına yol açan ölkə ilə İranın münasibətləri bu vəziyyətə gətirib çıxarmalı idi. İran anlamalı idi ki, Ermənistan heç də sabit və müstəqil siyasət yürüdən ölkə deyil. Ermənistan zaman-zaman öz maraqlarına uyğun müxtəlif ölkələrdə əlaqələr qurmağa çalışır. Vaxtı ilə sıx əlaqədə olduğu ölkələrə xəyanət mövqeyində dayanır. Necə ki, hazırda Rusiyaya qarşı xəyanətkar mövqedədir. Bu gün Ermənistanın Avropaya və Qərbə yaxınlaşması İran kimi ölkələrə də çox ciddi təsirlər göstərəcəkdir".