Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı və perspektivləri ümidlər doğurur-Oqtay Qasımov- ÖZƏL
29 Mart 2024 21:14 Siyasət"Azərbaycan-Çin münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bir çox məsələlərdə hər iki tərəfin mövqeləri bir-birinə çox yaxındır".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"O cümlədən, hər iki dövlət rəhbərinin arasında konstruktiv bir münasibət var. Son olaraq Özbəkistanda keçirilən yüksək səviyyəli görüşdə Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının rəhbəri iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə etmişdilər. Bu münasibətlər müxtəlif istiqamətləri əhatə etməkdədir və zamanla bu strateji xarakter daşıya bilər. Nəzərə alsaq ki, Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan ölkədir və iqtisadi inkişafın tempinə görə digər inkişaf etmiş ölkələri üstələyib qlobal gücə çevrilir, bu baxımdan iki ölkə arasında münasibətlərin inkişafı təbii ki, qarşılıqlı fayda əsasında qurulur. Azərbaycan Çinin "bir kəmər, bir yol" layihəsini dəstəkləyən və bu istiqamətlərdə addım atan ölkələrdən biridir. Hər iki ölkənin eyni zamanda, Orta Dəhlizlə ortaq maraqları var. Burada mövqelər üst-üstə düşür. Bundan başqq Çin şirkətləri artıq Azərbaycanda bir çox sahələrə investisiyalar qoymaqdadır. Bu da iki tərəf arasında münasibətlərin inkişafına müsbət təsir göstərən amillərdəndir. Bundan başqa Çin Xalq Respublikası ilə Azərbaycanın əməkdaşlıq edəcəyi sahələrdən biri də yaşıl enerji ilə bağlı olan məsələlərdir. Belə ki, Çin Xalq Respublikası da yaşıl enerjiyə sürətli keçid edən ölkələr sırasındadır. Burada bizim əməkdaşlığımız davam etməkdədir. Azərbaycan Çinin bu təcrübəsindən də istifadə edir. Bundan başqa eyni zamanda, Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində Çində istehsal olunmuş texnologiyalardan da istifadə edilməsi münasibətə təsir edən amillərdəndir. Təbii ki, bu münasibətlər getdikcə artan istiqamətdə davam edəcək. Bir daha qeyd etmək istəyirəm, hal hazırda dünyada baş verən proseslər və Çinin dünyada əsas aparıcı ölkələrdən biri olması, Azərbaycanın da dünyanın müxtəlif güc mərkəzləri ilə balanslı şəkildə münasibətləri davam etdirməsi əlbəttə ki, müsbət hadisədir. Azərbaycanın maraqları bu əməkdaşlıq formatlarında da önə çəkilir. Bu baxımdan Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı və perspektivləri ümidlər doğurur, hər iki ölkənin faydasınadır deyə bilərik".