Makron məhz Prezident İlham Əliyevə məğlub olub-Şəbnəm Həsənova- ÖZƏL

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Məhz bu amil Cənubi Qafqazda hərarəti və gərginliyi artırır. Ermənistanın Qərblə hərbi əməkdaşlığı gücləndirmək istiqamətində hərəkətləri isə Rusiyanın "radarında" uçuşur. Hər halda bunu heç nədən deyil, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın "İzvestiya" nəşrinə verdiyi müsahibəsindən aydın görmək mümkündür. Lavrov açıq dedi ki, Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətləri bilərəkdən korladı. Baş diplomatın "İrəvanda qeyd etmirlər ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib" fikri düşünürəm ki, yenə də, hələ də Ermənistana incə xatırlatma idi. 5 apreldə baş tutması planlaşdırılan görüşdə Ermənistanı Rusiyadan maksimum qoparmaq istiqamətində ciddi qərarların alınması gözlənilir. Lakin daha aydın məqam da odur ki, Ukraynadan sonra indi də Ermənistan vasitəsilə Rusiyaya təzyiqlər daha da artsa, addımlar sərtləşsə Rusiya da öz mövqelərini qoruyub saxlamaqdan ötrü mümkün bütün üsul və metodlara əl atacaq, bütün vasitələrdən istifadə edəcək. Burada Rusiyanın əsas məqsədi siyasi kursunun ardıcıllığını qoruyub saxlamaqdır ki, Qərb ona qarşı daha da ayaq almasın, digərlərinin isə hələ də götürmədiyi dərs götürülsün.
Qərb-Ermənistan münasibətlərinin yeni keyfiyyət alması bölgənin təhlükəsizliyinə müsbət heç nə vəd etmir. Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini "Armenpress" nəşrinə geniş müsahibə verib. Səfir Fransanın Ermənistana dəstəyini bu cür şərh edir: "Fransa prosesləri təsir dairələri baxımından deyil, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququ baxımından düşünür". Səfir bunun təkcə Fransanı narahat etmədiyini də bildirir. Görünür, cənab səfir beynəlxalq hüquq fənnindən kəsilib ki, indi də onu praktikada düzgün tətbiq edə bilmir.  Avropa və ABŞ azərbaycanlılara qarşı münasibətdə də beynəlxalq hüququn selektiv mexanizmindən əl çəkməlidir. O ki qaldı Fransanın cəhənnəmə gedərkən özünə yoldaş axtarmasına, Avropanın özündə belə Azərbaycana münasibətdə vahid mövqe mövcud deyil. Bu gün Avropanı düşündürən ən əsas məsələ enerji təhlükəsizliyini mümkün yollarla təmin etməkdir ki, Azərbaycanın da bu məsələyə verdiyi töhfə məlumdur. Proseslər Makronun əli ilə Ermənistan üzərindən cərəyan edir. Bir sözlə Ermənistan Rusiyanı rüsvay etmək üçün bütün yollara əl atır, Aİ missiyasını isə NATO missiyasına çevirməklə son dərəcə təhlükəli oyunlar oynayır.
Yeni məsələ odur ki, Makron dövriyyəyə belə bir söz-söhbət gətizdirib ki, guya o, ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, lakin Fransanın təşəbbüsləri nəticə vermir. Hətta bunu həyasızcasına belə arqumentləşdirir ki, keçən zaman periodunda Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı. Bu məqamda daha əsas və aydın məsələ o görünür ki, Makron məhz Prezident İlham Əliyevə məğlub olub. Heç bir faktiki və siyasi çəkisi olmayan, son dərəcə yüngül addımlar atan Makron məğlubiyyəti qəbul edə bilmir. Məhz bu səbəbdəndir ki, Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzeti vasitəsilə məlumatlar sızdırılmaqla Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyət ABŞ-ın, Vatikanın və digərlər aktorların boynunda qoyulur.  
Azərbaycana qarşı hərtərəfli hücum icra edən Fransa bu gün xalqımızın öz Liderinə olan səmimi sevgisi haqqında da bulanıqlıq yaratmaq xəyallarına dalıb. Makrona yaxın media qurumları qərəzli təhriflərə yol verərək Prezident İlham Əliyevin seçkilərdə guya 97 faiz səs qazanmasını yazır. Fransanı regiona yaxın qoymayan sadəcə Azərbaycan dövləti deyil, o dövlətin idarəsini layiq bildiyi, dönə-dönə səmimi sevgisini göstərərək məhz cənab İlham Əliyevi yenidən Prezident kürsüsündə görmək istədiyi və bu arzunu həyata keçirdiyi xalqdır. 
Şübhəsiz ki, bu tip məqalələr sifarişlə yazılır. Fransa hakimiyyəti, şəxsən Makron Azərbaycana qarşı son dərəcə qərəzli, düşmən münasibət bəsləməklə, erməni sevgisini növbəti dəfə göstərir. 44 günlük Vətən müharibəsində zəng etmədiyi dünya lideri qoymayan Nikol Paşinyan kimi Makronun da ermənipərəstliyini sübut etmək üçün döymədiyi qapısı qalmadı. O hətta 2022-ci ilin oktyabrında "erməni məsələsini" qoltuğuna ermənipərəst yazıçı Sylvain Tessonu da vuraraq Roma Papası ilə də müzakirə etmək istədi. Lakin Makron burda da üzü üstə yerə dəydi. Makron siyasət üçün, siyasət də Makron üçün olmadığı kimi Cənubi Qafqaz da aclar üçün otlaq deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31