Ermənistan yeni revanşist fikrə düşüb-Elşad Həsənov- ÖZƏL

"Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin görüşü nəzərdə tutulub. Bu görüş mətbuata bu cür verilir ki, Ermənistanın təhlükəsizliyinin təmin olunması, ona dəstək göstərilməsi məqsədilədir. Heç bir 2-ci ölkəyə qarşı deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:

"Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərin suallarını cavablandıranda bildirdi ki, bu görüş ikili standartlardadır və Ermənistana birtərəfli dəstək göstərilməsi Cənubi Qafqazdakı münaqişəni alovlandırmağa xidmət edir. ABŞ və Aİ-də bizə cavab verirlər ki, bu, Azərbaycana qarşı bir görüş deyil. Ancaq faktlar onu deyir ki, son dövrlər Aİ, xüsusilə Fransa Ermənistanı silahlandırır. Fransanın böyük hərbi şirkətlərinin rəhbərləri Ermənistana səfər etdilər. Burda onlar silah-sursat istehsalı üçün hazırlıqlar görürlər. Fransadan Ermənistana hərbi təyinatlı silah-sursat göndərilib. Bundan əlavə Ermənistan Hindistandan haubitsalar, raket qurğuları alıblar və bunun da müdafiə xarakterli olduğunu bildirirlər. Ancaq onların texniki xarakteristikası göstərir ki, onlar 250 kilometr məsafədəki obyekti vura bilərlər. Bundan əlavə Ermənistan Rusiyadan silahlar alıb. Ermənistan gecə-gündüz silahlanır. Bu silanma Ermənistanın yeni revanşist fikirə düşməsindən xəbər verir. Ermənistan məğlubiyyəti ilə barışmaq istəmir və bu haqda da Paşinyanın çox güclü opponentləri var. Azərbaycana qarşı yenidən hücum etmək istəyən qüvvələr var. Bundan əlavə, Ermənistanın silahlanması öncə Rusiyaya qarşıdır. Həm ABŞ, həm Aİ çalışır ki, Rusiyaya qarşı ikinci cəbhə açsınlar. Bunun üçün Ermənistandan istifadə etmək istəyirlər. Bilirlər ki, Azərbaycan bu məsələyə gedən deyil, çünki Azərbaycanla Rusiya Rusiya-Ukrayna müharibəsindən 2 gün qabaq strateji müttəfiqlik haqqında bəyannamə imzaladılar. Biz, bağladığımız bəyannaməyə sadiqik. Rusiya da buna sadiqlik göstərir. Baxmayaraq ki, bu gün Rusiya müharibədə iqtisadi cəhətdən geri düşüb, buna baxmayaraq biz, qol çəkdiyimiz bəyannamənin arxasındayıq. Bizim ölkənin ərazisindən Rusiyaya qarşı hər hansısa təxribat hadisəsinin törədilməsinə qətiyyən imkan verəsi deyilik. Ancaq Ermənistan daima Rusiyanın əlaltısı olmuş ölkə kimi Rusiyanın bu günki zəifləməsini görərək özünə yeni dayaq tapmağa çalışır. Bunu da ABŞ və Fransada görmək istəyir. Nə Amerika, nə Fransa Ermənistana tam təhlükəsizlik verə bilmirlər. Çünki, onlar çox uzaqdadılar, Rusiya isə Ermənistanın içindədir, orda hərbi bazası var. Paşinyan artıq bazanın da çıxarılmasını istəyir. Bu isə mümkün deyil. Bu gün doğurdan da Ermənistan bütövlükdə Rusiyadan çox asılıdır. İqtisadiyyatının 70%-dən çoxu Rusiyanın nəzarətindədir. Ermənistanın daxilində Rusiyanın hərbi bazası var. Ermənistanın Türkiyə, İranla hərbi sərhəddini Rusiyanın sərhəd qoşunları qoruyur. Ermənistan bu gün Rusiyanın qazı ilə isinir, istehsalata gedir. Rusiyanın Ermənistana satdığı qazın qiyməti öz ərazisinə satdığı qazdan ucuzdur. Belə bir şəraitdə Rusiyanın əlində çox böyük fürsət var. Amma o, hələ bundan istifadə etmir. Düşünürəm ki, Rusiya Ermənistana qarşı həm hərbi, həm də siyasi riçaqlardan istifadə edəcək. Bu gün Fransanın, ABŞ-nin Ermənistana təzyiqləri birbaşa Cənubi Qafqazdan, Ermənistandan Rusiyanın çıxarılması məsələsidir. Rusiya məsələsindən sonra gücləri olarsa, Azərbaycana qarşı da revanşist hisslərlə çıxış edə bilərlər. Ancaq bunu real hesab etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31