Misir üçün müzakirə olunmayan “qırmızı xətt”...-Yusif Bağırzadə- ÖZƏL
29 Mart 2024 15:02 Siyasət"Görünən odur ki, İsrail bütün beynəlxaq təzyiqlərə baxmayaraq Rəfaha girməkdə israrlıdır".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"İsrailin ən böyük müttəfiqi olan ABŞ-ın prezidenti Baydenin, İsraili dəstəkləməyə davam edəcəyini, ancaq Rəfah əməliyyatını "qırmızı xətt" olaraq gördüyünü deməsinə baxmayaraq İsrail bu əməliyyatı keçirməkdə israr edirsə, demək ki, bununla bağlı ya ABŞ-ın razılığı alınıb, ya da ki, Vaşinqtonun Netanyahuya təzyiqləri artırması və onu baş nazir postundan uzaqlaşdırmağa cəhd etməsi ehtimalı İsrail hakimiyyətini qəzəbləndirdiyi üçün artıq ABŞ-ın da etirazlarına məhəl qoymur.
Bu isə həm də faktiki olaraq Vaşinqtonun bütövlükdə region siyasətinə zərbə vurmağa bərabərdir.
İndi quru əməliyyatlarından öncə İsrailin Rəfaha səs bombaları atması isə beynəlxalq birliyin İsraili mülki şəxsləri qorumaq üçün etibarlı plan olmadan əməliyyat həyata keçirməməyə çağırışına cavab olaraq qiymətləndirilə bilər. İsrail bununla mülki əhalini ərazini tərk etməyə məcbur etmək istəyir.
Amma nəzərə alaq ki, müharibədən əvvəl təxminən 300 min insanın yaşadığı Rəfah şəhərinin əhalisi dörd dəfədən çox artıb və Qəzza əhalisinin yarısından çoxu, təxminən 1.4 milyon insan Rəfaha sığınıb. Onların çoxu Qəzza zolağının digər hissələrində gedən döyüşlər səbəbilə didərgin düşüb. Yüz minlərlə insan geniş yayılmış çadır düşərgələrində yaşayır. Başqa sözlə bu qədər insanın ərazini tərk etməsi faktiki olaraq mümkün deyil.
Rəfahda əməliyyatların bölgədə mövcud olan gərgin durumu daha da gərginləşdirəcəyi şübhə doğurmur. Nəzərə alaq ki, Rəfaha hücum Misirlə İsrail arasında da münasibətləri təhlükəli hala gətirib çıcara bilər. Belə ki, Misirin Sinay yarımadasının şimalında yerləşən "Rəfah" keçidi Qəzza ilə Misir arasındakı yeganə sərhəd keçid məntəqəsidir. O, Qəzzanı Sinay səhrasından ayıran 12,8 kilometr ərazidə yerləşir. Odur ki, İsrail Rəfaha daxil olarsa, Misir Filadelfiya dəhlizindəki təsirini və üstəlik Qəzza ilə olan bağlantısının regional və qlobal rolunu itirəcək. Bu hərbi əməliyyatlar bir tərəfdən İsrailin hərbi əməliyyatları ilə sıxışdırılan fələstinlilər üçün Sinay yarımadasında mümkün artan təhlükəsizlik riskləri ilə yanaşı iqtisadi problemlərin dərinləşməsinə səbəb olacaq.
Qəzza ilə əlaqəsi Misirə həm İsraillə münasibətlərində, həm regionda, həm də qlobal miqyasda siyasi və strateji çəki və mövqe qazandırıb. Buna görə də Misir vurğulayır ki, Rəfaha hücum fələstinlilərin Sinay yarımadasına köç etməsinə səbəb ola bilər ki, bu da Misir üçün müzakirə olunmayan "qırmızı xətt"dir".