Soyqırımı faciəsi dünyaya çatdırılmalıdır- ÖZƏL
29 Mart 2024 10:58 Siyasət"Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 martAzərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Ümummilli lider Heydər Əliyev 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur". İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir".