Jalə Əhmədova Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin qonağı olub

Millət vəkili Jalə Əhmədova Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin qonağı olub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Martın 28-də Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin qonağı oldum. Mərkəzlə tanışlığım zamanı məlum oldu ki, Azərbaycanda ilk gecə yatılı Orvita Autizm Evi həm autizmli uşaqların reabilitasiyasını, həm də onların peşəyönümlü fəaliyyətini həyata keçirir. 

Xüsusi olaraq onu da qeyd edim ki, fəaliyyətini ən yüksək səviyyədə quran mərkəzdə peşəkar psixoloqlar, loqopedlər, pedaqoqlar, eləcə də erqoterapiya mütəxəssisləri fəaliyyət göstərir. Təqdirəlayiq haldır  ki, mərkəzdə autizmli uşaqların gün ərzində müxtəlif seanslarla yanaşı, bir çox özünə qulluq vərdişləri, əl işləri, sosial saatların təmin olunmasına dair təlimlər də keçirilir.

Həssas qrupdan olan şəxsləri diqqət və qayğı ilə əhatə edən Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evi ilə tanışlıqdan böyük məmnunluq hissi keçirdiyimi bildirmək istəyirəm və mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıram. Dəvətinə görə isə mərkəzin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızına minnətdarlığımı bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31