ABŞ-nin Cənubi Qafqaza gəlməyi bölgəmizə heç də yaxşı nələrsə vəd etmir-Kazım Kazımov- ÖZƏL

"ABŞ-nin Cənubi Qafqazda marağı olduğunu biz Qarabağ münaqişəsi dövründən hiss edirdik". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki, ABŞ hər vasitə ilə  bir çox ölkələrdə münaqişəni sonlandırmaq üçün həmlələr etsə də, Azərbaycan və Ermənistan arasındakı münaqişənin sonlandırılması ilə bağlı heç bir addım atmamışdır. Xüsusən, ABŞ-nin son illərdəki xarici siyasətinə baxdığımızda yaxın Şərqdə Suriya, İraq, Cənubi Qafqaza da Ermənistan üzərindən yayılmağa çalışması əslində, ABŞ-nin bir növ imperialist niyyətlərindən xəbər verir. Ancaq  ABŞ-nin bura gəlməyi bölgəmizə heç də yaxşı nələrsə vəd etmir. Çünki, ABŞ Vyetnam, İraq, Liviya, Suriya, girdiyi hər bölgədə necə qan-qada gətirdiyini çox yaxşı bilirik. Həm də ki, Cənubi Qafqazın geosiyasi vəziyyətinə baxdığımızda burada ABŞ-nin varlığı hər şeydən əvvəl İranı, Rusiyanı narahat edəcək. Azərbaycanın tarixi torpaqları üzərində hələ də sərsəm iddialarını sürdürən ermənilər üçün bir revanş niyyəti daşıya bilər. İran və Rusiya təbii ki, ABŞ-nin bölgədə varlığını heç istəmir. Bu gün demək olar ki, ABŞ və İran, ABŞ və Rusiya ayrı-ayrılıqda düşmən mövqedə dayanmış ölkələrdir. Əslində, Azərbaycana təsiri birbaşa Qarabağ üzərindən, Ermənistan üzərindən olmasa belə, İran və ABŞ, Rusiya və ABŞ arasında olan bölgədəki gərginliklər hamımızın, Gürcüstanın, Azərbaycanın, yeri gəlsə, Ermənistanın özünə də mənfi təsir göstərəcəkdir. Ona görə də ümid edirəm ki, ABŞ-də hələ də Bayden administrasiyasından fərqli olaraq ağıllı düşünən beyinlər var və bu planı gerçəkləşdirməyəcəklər. 
Qeyd etmək lazımdır ki, ABŞ bölgə siyasətini də oxumağı yaxşı bacarmır. Çünki, bu gün Cənubi Qafqazın lider ölkəsi hərbi güclə də, siyasi güclə də, iqtisadi güclə də Azərbaycandır. Buna rəğmən ABŞ-nin hələ də revanşist erməni dairələrini dəstəklədiyini çox açıq şəkildə görürük. Bölgədə bu qədər həssas bir vəziyyəti oxuya bilməyən ABŞ-nin Rusiya və İranla münasibətlərdə heç də yaxşı nələrsə vəd etməyən addımları qaçınılmaz görsənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31