Bu, Rusiya-Ermənistan münasibətləri problemidir-Elxan Şahinoğlu- ÖZƏL
28 Mart 2024 17:17 Siyasət"5 apreldə reallaşacaq görüşü əlbəttə, biz də diqqətli izləməliyik, amma bu görüş daha çox Rusiyanı narahat edir. Çünki, hazırda Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır. Əsas səbəb də Qərb ölkələrindən təhlükəsizlik təminatı almasıdır. Bunun o qədər də Azərbaycana aid olduğunu zənn etmirəm".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu qeyd edib:
"Bu, Rusiya-Ermənistan münasibətləri problemidir. Bəzi Qərb ölkələrinin Azərbaycanla bağlı siyasəti bizdə ciddi suallar yaradır, amma inanmıram ki, ABŞ və ya Aİ bölgədə yeni müharibədə maraqlı olsunlar. Əksinə düşünürəm ki, sülh və bölgə ölkələri arasında əməkdaşlıq ABŞ və Aİ-nin maraqlarına cavab verir. Bu sıradan əlbəttə ki, Fransanı ayırmalıyıq. Fransanın siyasəti fərqlidir. O, daha çox bölgədə gərginlikdə maraqlıdır. Amma digər Qərb ölkələrinin Fransa kimi düşündüyünü zənn etmirəm. Sülh və əməkdaşlıq əsas hədəfləridir. Onlar da bilirlər ki, Azərbaycanın Ermənistana hücum etmək kimi planları yoxdur. Hətta onlar bəlkə də Paşinyana məsləhət görər ki, dörd kənd məsələsi tez həll olsun ki, iki ölkə arasında çərçivə sazişi imzalansın. Amerikanın və ya Fransa xaricində digər Avropa ölkələrinin Ermənistana silah-sursat göndərəcəyini zənn etmirəm. Silah-sursat göndərsəydilər, iki ildir Ukraynaya müxtəlif silahlar vəd edirlər, heç göndərmirlər. Ukrayna Qərb ölkələrinə Ermənistandan daha çox yaxındır".