Bu proses sürətli fazaya girib-Qədir Aslan- ÖZƏL
28 Mart 2024 17:04 Siyasət2023-cü il noyabrın 14-ü və 15-də Azərbaycan, həm də Ermənistan mətbuatında ABŞ-nin Ermənistan höküməti ilə müqavilə bağladığı haqqında və bir sıra bəndlər üzrə Ermənistana yardım ediləcəyi haqqında məlumat getdi: "Bu yardımlar Rusiyanın kəskin, sərt sanksiyaları olacağı təqdirdə ediləcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Qədir Aslan qeyd edib:
"Hətta orda "Metsamor" üçün nüvə yanacağı, taxıl yardımı, valyuta dəstəyi, təhlükəsizlik xidməti üçün silahlar, onların təlimi, təchizatı, sərhəd qoşunlarının və s. ABŞ tərəfindən təmin olunacağının sözü verilmişdi. Noyabrın 15-i, yəni səhəri gün Böyük Britaniya höküməti ilə müqavilənin imzalandığı bildirilmişdi, xüsusilə sərhəd qoşunları ilə bağlı. Britaniya istər hava limanında, istər quru sərhədlərdə şəxsi heyətin təlim keçməsi, xidmətin dünya standartlarına uyğunlaşdırılması, təchizatın yenilənməsi və s. ilə bağlı Ermənistana bu istiqamətdə yardım edəcəyini öz üzərinə götürür. 14-15 noyabr tarixlərində bu məlumatlar getdi, amma heç kim fikir vermədi. Mən bu barədə geniş məlumat verdim. Artıq üstündən hardasa 2-3 ay keçib, bu barədə mətbuatda məlumatlar getməyə başlayır. ABŞ Dövlət Departamenti rəsmisindən məlumat gəldi ki, 52 milyon dollar pul ayrılması nəzərdə tutulur. Britaniyadan açıqlama verildi ki, Zvarnortsu Ermənistanın özünün xidmət aparatları təşkil etməsi bəyəniləndir və Ermənistanın KTMT-dən çıxma cəhdləri dəstəklənir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın Rusiya orbitindən çıxarılması prosesi aparıcı dövlərlər tərəfindən sürətlə həyata keçirilir. Bu proses sürətli fazaya girib. Bunun Azərbaycana hansı təsirləri olacaq? Heç bir mənfi təsiri olmayacaq. Çünki, Azərbaycan Türkiyə ilə birlikdə bu siyasəti bu və ya digər şəkildə izləyir və bağlı qapılar arxasında özlərinin də korrektələrini edirlər. Yeri gəlmişkən, Azərbaycanla Ermənistan münasibətlərinin perspektivləri barəsində Paşinyanın ötən həftəki iclası və ondan sonra gələn açıqlamalar öz sözünü deyir. Ermənistan Azərbaycanla nə savaşmaq istəyir, nə Azərbaycana aid olanı Azərbaycana qaytarmaq istəyir. Güya Azərbaycan və Türkiyə ilə sülh fazasına keçmək istəyir. Aprelin 5-də keçiriləcək görüş də bununla əlaqədardır. Təbii ki, bəzi dövlət var, çalışırlar ki, Azərbaycan Türkiyə tandeminə qarşı müəyyən razılıqlar əldə olunsun. Bunların hamısı faydasızdır. Dövlət başçısı da ilin əvvəlində jurnalistlərlə görüşündə dedi ki, "Bastion" kimi sınıq-salxaq maşınların gətirilməsi bizi narahat etmir, amma Ermənistana konkret olaraq letal silahlar gətirilərsə, yerindəcə darmadağın olunacaq. Bu o deməkdir ki, nəinki hərbi texnika dəstəyinin verilməsi sahəsində, həmçinin digər məqamlarda, infrastruktur layihələri, maliyyə məsələləri və s. müstəvilər üzrə Azərbaycan və Türkiyənin maraqlarından kənar Ermənistan daxilində proses baş verərsə, anında müdaxilə ediləcək".