Cənubi Qafqaz savaşa sürüklənir- ÖZƏL

"ABŞ-Ermənistan-Avropa İttifaqının ortaq konfransının əsas məqsədi Cənubi Qafqazda sülh prosesini pozmaqdan ibarətdir" Bunu  Olaylar.az-a siyasi ekspert Elçin Xalidbəyli deyib :

"Avropa İttifaqı və ABŞ hazırda Ermənistanı geopolitik alətə çevirməkdə davam edirlər. Bundan Rusiyaya qarşı istifadə etmək niyyətindədilər. Təbii ki, Ermənistan da eyni zamanda bundan Cənubi Qafqazdakı özünün məntiqsiz maraqları üçün də istifadə etmək istəyir. Paşinyan hakimiyyəti ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı tələb edir. Bu, təhlükəsizlik təminatı ilk bəhanə olaraq Rusiyadan gözlənilən hücumlar kimi qələmə verilsə də, bütövlükdə təhlükəsizlik təminatından söhbət gedir. Yəni  Azərbaycanla hərbi qarşıdurma baş verərsə, ABŞ və Aİ-nin Ermənistanı müdafiə etməsini istəyir. Belə anlaşılır ki, ABŞ və Aİ-də də Paşinyan hakimiyyətinin bu istəyinə müsbət yanaşma meyilləri var. Bəzi Qərb mətbuatına sızan xəbərlərə görə, ABŞ və Aİ bu ortaq konfransdan sonra Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə bir sənəd imzalamaq niyyətindədilər. Bir müddət öncə Baş nazir Nikol Paşinyan Ermənistanın gələcək taleyi ilə bağlı Qərbdə olduqca ciddi qərarların qəbul ediləcəyini bəyan etməklə belə bir sazişin imzalana biləcəyininin anonsunu etmişdi. Yəni, bütün bunlar onu göstərir ki,  Aİ hazırda Ermənistanı faktiki olaraq ciddi şəkildə cəsarətləndirir. Sülh prosesindən yayınması üçün münbit şərait yaradır və bununla da Cənubi Qafqazda yeni savaşın baş vermə ehtimalını artırmış olurlar. Bu situasiya ABŞ və Aİ-dən verilən bəyanatlara baxmayaraq ABŞ-Ermənistan-Aİ konfransının 3-cü ölkələrə, yəni Azərbaycan və Rusiyaya qarşı yönəldiyi qətiyyən şübhə doğurmur. Ona görə də, hesab etmək olar ki, hazırda Cənubi Qafqazda savaş təhlükəsinin maksimum həddə çatmasının əsas məsuliyyəti  ABŞ və Aİ-nin üzərinə düşür. Çünki,  ABŞ və Aİ Cənubi Qafqazdakı sülh prosesini demək olar ki, bloklamış vəziyyətdədir. Bu situasiyada rəsmi Bakının ABŞ və Aİ-nin davranışlarına sərt şəkildə etiraz etməsi tamamilə haqlı yanaşmadır. Yəqin ki, yaxın gələcəkdə həm ABŞ, həm də Aİ Cənubi Qafqazda sülh prosesinin pozulmasına görə özlərinin regional siyasətinə qarşı müəyyən problemlərlə üzləşməli olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31