Ermənistanı inkişaf tarixində sivilizasiya vektoru kimi təqdim edənlər onu fəlakətə sürükləyir-Şəbnəm Həsənova- ÖZƏL
28 Mart 2024 16:19 Siyasət"ABŞ və Avropa regionumuzu xaos, yoxsulluq, səfillik və təhlükə mərkəzinə çevirməyi hədəfləyir. Azərbaycan isə prosesləri sistematik və kompleks şəkildə göz önündə tutaraq məqsədlərinə çatmaq istiqamətində əzmlə irəliləyir".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycana təzyiqin isə sadəcə sərt deyil, yumşaq formada da aparılması davam edir. Həqiqət odur ki, zaman keçdikcə Vaşinqtonda, bütövlükdə Qərbdə xarici ölkələrlə məşğul olmaq üçün siyasi iradə adətən zəifləyir. Onun zəifləməsi isə heç nə ilə deyil, məhz ənənəvi insan təbiətinə zidd olan mənfi meyillərin normallaşması, normalaşdırılması ilə bağlıdır. Pambıqla baş kəsən, azərbaycanlıların heçə sayılmasına göz yuman Qərb dairələri, onun QHT və ayrı-ayrı şəxsləri, öz maddi maraqlarını təmin etmək istiqamətində NATO-nun keçmiş Baş katibi statusundan sui-istifadə edən Anders Foq Rasmussen də daxil olmaqla müxtəlif absurd tezislər üzərindən, "humanitar fəlakət" bəhanəsi ilə Azərbaycan və şəxsən cənab Prezident İlham Əliyevə qarşı təzyiq, qarayaxma kampaniyası aparılsa da, Azərbaycanda və ondan kənarda qeyri-leqal yollarla maliyyələşdirdikləri informasiya resurslarını gücləndirsələr də, təhlükəsizliyimizin və birliyimizin qarantı olan dövlət başçımıza xalq tərəfindən güclü dəstək mövcuddur. Ona görə bu faktı bir daha vurğuladıq ki, xaricdən olduğu qədər, daxildən də bizi laxlatmağa çalışan qüvvələrə aman verilməyəcək, hətta ən sərt üzümüzü göstərəcəyik. Qarabağa səfərlər, "binokl diplomatiyası" və ondan boylanmaq planları nəticəsiz qalır.
Ermənistanı inkişaf tarixində sivilizasiya vektoru kimi təqdim edənlər onu fəlakətə sürükləyir. Bu gedişlə onun dövlət kimi legitimliyini itirib, əyalətə keçmə prosesini məhz özləri sürətləndirəcəklər. Kosovo variantı suya düşən ABŞ-ın uzunmüddətli səylərinin dönüş nöqtəsində ində də Ermənistan dayanır. Ermənistan vasitədir, hədəf Rusiyadır. 1980-ci illərdə azərbaycanlıların sürgün edilməsi, soyqırımı da daxil olmaqla SSRİ-yə qarşı münasibətdə də, siyasətdə də Qərbdəki erməni lobbisinin Qərblə müttəfiqliyi fonunda "erməni üslubu" vasitəsilə İttifaqın dağıdılması seçildi. Tarixi və siyasi ədəbiyyatlarda dəfələrlə SSRİ-nin dağılması ilə bağlı tarixi hadisələrdə ermənilərin rolu mövzusu qaldırılıb. O fikir də dəfələrlə səsləndirilib ki, Qarabağ hərəkatı ilə birliyi "sarsıdan" məhz ermənilər olub. Qısacası Sovet İttifaqının dağılması tarixi yarım səhifəlik erməni amilinə sığır. Odur ki, planın konturları yenilənsə də, güncəlləşdirilsə də, hər halda ümumi eskiz eynidir.
Azərbaycanın qüdrətlənməsi, tarixi torpaqlarını işğaldan azad etməsi "Vudro Vilson planı" - "Böyük Ermənistan" da daxil olmaqla ABŞ və Avropanın planlarına fundamental zərbə oldu. Buna görədir ki, beynəlxalq münasibətlər diskurslarında gündəmə yeni planlar gətirilir.
Proseslərə isə hərtərəfli və hər tərəfdən baxmaq lazımdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Ərazilərin, o cümlədən, anklavların məsələsi, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir" fikrinin 5 aprel ABŞ-Aİ-Ermənistan görüşü öncəsi səsləndirilməsi də təsadüf deyil. Rusiyanın əlində olan unikal kartoqrafik materialların mövcudluğunun xatırladılması, özünü doğrultmuş əsaslı mexanizmin ünvanının bir daha göstərilməsi də nəinki yəqin, həm də aydın edir ki, görüşə qədər də, ondan sonra da Rusiya bu məsələdə də güzəştə getmək, boşluq yaratmaq niyyətində deyil.
Ukrayna bağlı olan iplər, düyünlər haqqında aydın təsəvvür formalaşdırdığından Ukrayna ssenarisinin ikinci cəbhənin açılaraq indi də Qafqaz səhnəsində oynanması planlarını yaxşı bilir və görürük. Ermənistanı revanşa hazırlaşdıran qüvvələr Azərbaycana və bütün regiona qarşı, bütövlükdə sülhə və təhlükəsizliyə qarşı çıxaraq faktiki olaraq hərbi pakt yaradırlar.
Bütün bu meyillər fonunda bütün analoji prinsiplərin də Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aid edilməsi, ilkin etapda dörd kəndin, daha sonra isə üç və ən əsası birinin də azad olunması ilə regional aktorların gücünü maksimum regiona indi verdiklərinin, həm də daha sonra regiondan kənardakılara isə heç nə verməyəcəklərinin şahidiyik".