Bu, separatçılığın dəstəklənməsi kimi qiymətləndirilməlidir-Sahil Kərimli- ÖZƏL
28 Mart 2024 15:55 Siyasət"Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü birbaşa olaraq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əleyhinə yönəlmiş görüş olacaq. Böyük ehtimalla bu görüş birbaşa Azərbaycana qarşı yönəlib."
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Çünki, həmin dairələr - ABŞ də, Avropa İttifaqına daxil olan ölkələr, xüsusilə Fransa və Almaniya da bu gün Ermənistanı birmənalı olaraq, açıq-açıq dəstəkləyir. Bu, konkret olaraq işğalçılığın, terrorçuluğun və separatçılığın dəstəklənməsi kimi qiymətləndirilməlidir. Çünki, həmin dairələr Ermənistandan alət kimi istifadə edərək bölgədə yeni gərginlik olacağı yaratmağa çalışırlar. Bununla da Cənubi Qafqazda öz varlıqlarını qoruyub saxlamaq, Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək cəhdlərini həyata keçirmək istəyirlər. Təbiidir ki, bu cür görüşlər əvvəllər də olub və bundan sonra da davam edəcək. Bu görüşləri Azərbaycanı öz mövqeyindən çəkindirmək üçün atılan növbəti addımlar kimi də qiymətləndirmək olar. Çünki, həmin Qərb və Avropa İttifaqı dairələri Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları, Azərbaycanın öz ərazi bütövlüyünü öz ordusunun gücü ilə, öz hərbi qüdrəti ilə bərpa etdiyini, Azərbaycanın durmadan artan hərbi qüdrətini, iqtisadi inkişafını həzm edə bilmirlər və bunu böyük qısqanclıqla qarşılayırlar. Buna görə də Azərbaycana qarşı bu cür şər ittifaqları qurulur, Ermənistan təlimatlandırılır və Ermənistandan bu istiqamətdə bir vasitə kimi istifadə olunur. O ki qaldı bu görüşlərin hər hansısa nəticə verəcəyinə, bu, əlbəttə ki, mümkünsüzdür. Çünki, həmin dairələr Azərbaycanın siyasi gücünü və qətiyyətini yenə də düzgün hesablaya bilmir, ya da düzgün qiymətləndirmək istəmirlər. Onlar anlamırlar ki, bu addımlarla, bu cür görüşlər keçirərək Azərbaycana qarşı təzyiq etməklə heç nəyə nail ola bilməyəcəklər".