İmzalanacaq pakt Ermənistanı sürətli silahlandırmaya aparacaq - ÖZƏL
28 Mart 2024 14:25 Siyasət"Ermənistan, Avropa İttifaqı və ABŞ arasında imzalanacaq müdafiə paktının məqsədi məncə, bəllidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib:"Artıq burada əsas hədəf Ermənistanı silahlandırmaqdır. Bayaqdan Fransanın imkanları hesabına bunu həyata keçirirdilərsə, indi bunu daha çox ABŞ və Avropa İttifaqına daxil olan digər dövlətlərin də iştirakı ilə həyata keçirməyə çalışırlar. Yəni görünən ondan ibarətdir ki, həm ABŞ-nin , həm də Avropa İttifaqına daxil olan dövlətlərin bəzilərinin siyasi dairələrində Cənubi Qafqazda sülhün olması maraqlı görsənmir. Yəni Ermənistanı silahlandırmaqla, bölgədə yeni müharibə ocağının formalaşdırılmasının tərəfdarıdırlar, bitmiş müharibəni yenidən alovlandırmaq istəyirlər.
Hesab edirəm ki, imzalanacaq bu pakt Ermənistanı sürətli silahlandırmaya aparacaq. Sürətli silahlandırma isə, nəticə etibarilə bölgədə yeni müharibə riskinin yaranmasına, Ermənistanın yenidən aqressiv addımlar atmasına gətirib çıxara bilər və bu bölgədə, eləcə də Avrasiya materikində yeni böyük qlobal müstəviyə keçəcək müharibənin əsasını qoya bilər.
Bu baxımdan düşünürəm ki, bu imzalanacaq üçtərəfli belə bir müqavilə, pakt Avrasiyada münaqişənin sönməməsi üçün atılmış addım kimi də dəyərləndirilə bilər".