Mövcud reallıqlar ABŞ və Avropa İttifaqının maraqları ilə üst-üstə düşmür - ÖZƏL

"Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın, ABŞ dövlət katibi Entoni Blinkenin və Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin Brüsseldə planlaşdırılan görüşü şübhəsiz ki, Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər". 
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Ümumiyyətlə, qeyd etmək lazımdır ki, mövcud reallıqlar ABŞ və Avropa İttifaqının maraqları ilə üst-üstə düşmür. Xüsusilə də qeyd etmək lazımdır ki, ABŞ mövcud reallıqlar çərçivəsində Azərbaycanın güclənməsində, habelə, Ermənistanın bu qədər zəifləməsində maraqlı deyil. Təsadüfi deyil ki, hələ lokal xarakterli aniterror tədbirləri fonunda Qərb və Amerika Qarabağda Kosovo variantını hazırlayırdı və ümumiyyətlə,  son üç il ərzində bu istiqamətdə ciddi işlər görülməyə çalışırdı. Misal üçün, ermənilərin humanitar fəlakəti bəhanəsi ilə Azərbaycan və şəxsən prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparılmışdı. Bundan başqa, Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Ən önəmlisi, heç şübhəsiz, Avropa siyasətçilərinin Qarabağa qanunsuz səfərlərin  təşkil edilməsi idi. Misal üçün, Fransada Respublika Partiyasından prezidentliyə namizəd Valeri Pekresin səfərləri ən çox yadda qalanlardan biri oldu.
Ümumilikdə yanaşdıqda deyə bilərik ki, əslində bu görüş regionda faktiki olaraq elan edilməmiş bir hərbi paktın yaradılmasıdır. Bu pakt regionda şübhəsiz ki, erməni revanşizminin güclənməsinə və regionda sabitliyin, o cümlədən sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropanın bu qeyri-sabitliyə yönəlmiş fəaliyyətinə, şübhəsiz ki, Azərbaycan tərəfi də səssiz qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31