Qərbi bölgəyə gətirmək arzuolunmaz gərginliklər yaşada bilər- ÖZƏL

"Aprelin 5-də Ermənistanın da iştirakı ilə Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının keçirəcəyi üçlü görüşdə əlbəttə ki, bizim bölgəmizlə bağlı çox ciddi bir qərarın qəbul ediləcəyi gözlənilir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Üç tərəfin hərbi pakt, yaxud da buna bənzər bir sənəd imzalayacağı haqqında informasiya artıq bir neçə gündür ki, dolaşmaqdadır. Ermənistan da bunu təkzib etmir. Etmirsə, deməli, bu informasiyanın həqiqət payı var.
İkinci bir tərəfdən, bunun bizə nə kimi bir təsiri var deyə bir sual qoyuruqsa, əlbəttə ki, Güney Qafqaza başqa üçüncü tərəflərin daxil olması sadəcə bir Ermənistanın məsələsi deyil. Bu, bütövlükdə Güney Qafqazın məsələsidir. Yəni, əgər Avropa Birliyi, ABŞ Ermənistanla hərbi ittifaq quraraq bizim bölgəmizdə yerləşirsə, bu o deməkdir ki, burada gərginlik arta bilər. Çünki Güney Qafqaz ənənəvi olaraq Rusiyanın təsir dairəsinə aid edilir və təbiidir ki, üçüncü tərəf, daha bir maraqlı tərəf bölgəyə gələrsə, bu, Rusiyanın hərəkətə keçməsi demək olacaq. Əlbəttə, Azərbaycanla bağlı birbaşa burda məsələ yoxdur. Çünki  Azərbaycanın ərazisində Rusiya hərbi kontingenti demək olar ki, yoxdur. Yəni Qarabağdakı sülhməramlıları çıxsaq, onlar da 2025-ci ilin noyabrında çəkilib gedəcəklər. Amma Ermənistanda Rusiya hərbi kontingenti var. Üstəlik, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, ənənəvi olaraq da həmişə Rusiyanın təsir dairəsində olub. Belə bir şəraitdə, Qərbi bölgəyə gətirmək əlbəttə ki, arzuolunmaz gərginliklər yaşada bilər.
İkinci bir tərəfdən də Ermənistan bu addımı atdıqdan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması da zərər görə biləcək. Çünki istənilən halda burada artıq Rusiya faktoru daha qabarıq özünü göstərəcək, digər tərəfdən də Qərb burada rəqabətə girişmiş olacaq və bunlar da Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasını bu və ya digər şəkildə əngəlləyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31