Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Brüsseldə toplaşacaq qüvvələrin ürəyincə olmadı - ÖZƏL

"5 aprel görüşü bölgəmizdə sülhün mənafeləri baxımından həqiqətən bölücü, ayrımçı və parçalayıcı bir formatdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Hələ ilk əvvəl bu görüşün dördtərəfli formatda olacağı bəyan edilmişdi. Bu üç nəfərdən başqa, Avropa Parlamentinin sədri xanım Metsolanın da burada iştirakı nəzərdə tutulmuşdu. Amma görünür, sonradan hansısa səbəbdən Metsolanı bu siyahıdan çıxarıblar. Məsələ burasındadır ki, bu formatda iştirak edən tərəflərin demək olar ki, hamısı bu bölgədə ardıcıl sülhün yaranması istiqamətində səylər göstərən subyektlər deyillər. Birmənalı şəkildə, Ermənistanın tərəfini saxlayan qüvvələr və xüsusilə də son illərdə Azərbaycanın əleyhinə bu və digər formada iş aparan, ikili standartlarla işləyən, qərəzli yanaşan subyektlərdir. İstər Avropa Birliyi strukturları olsun, istər ABŞ-nin  məmurlarının fəaliyyəti olsun, istərsə, Ermənistan tərəfi. Əgər müzakirə formatında iştirak edən tərəflərin hamısı Azərbaycana qarşı əks mövqe tutan tərəflərdirsə, burada bölgədə sülhün mənafeləri baxımından sağlam mövqenin tutulacağı və sağlam müzakirələrin aparılacağı gözlənilmir. Həqiqətən, bölgəyə qarşı bu görüşdə hansısa bir sui-qəsddən danışmaq daha yerinə düşər. O da faktdır ki, bu müzakirələrin konkret hansı məsələlər ətrafında aparılacağı ilə bağlı nə Avropa Komissiyasının sədri, nə də Amerika tərəfdən konkret açıqlamalar verilməyib, hər şeyi 5 aprel müzakirələrinin öz adına saxlayıblar.
Əlbəttə, bu görüşün müxtəlif hadisələrin fonunda keçirilməsi bizi ciddi düşünməyə vadar edir və əsaslı şəkildə narahat etməlidir. Bir tərəfdən sülh sazişinin imzalanması yolunda Ermənistan ciddi maneçiliklər törədir, pozucu, təxribatçı ideyalar və təkliflərlə çıxış edir. Sülh sazişinin imzalanması üçün Azərbaycanın etdiyi pozitiv təkliflər Ermənistan tərəfindən daim təcrid edilir. Ermənistan hərbi strukturlarını gücləndirmək siyasətini aparır. Hindistanın, Yunanıstanın, Fransanın əli ilə Ermənistan silahlandırılır, Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusunun yenidən gücləndirilməsi layihələri həyata keçirilir. Hətta Ermənistanın Avropa Birliyinə qəbul olunması yönümündə müəyyən addımlar atılır. NATO ilə Ermənistanın əlaqələrinin genişləndirilməsi fonunda biz çox ciddi tərpənişlərin şahidi olmaqdayıq. Belə addımlar sülh sazişinin imzalanmasından bu günə qədər müxtəlif tezislərlə yayınan Ermənistanı müəyyən revanşa və yeni müharibə hazırlıqlarına açıq-aşkar sövq edir.
Həqiqətən,  bu formada dəstəklər Ermənistanda revanşist qüvvələri daha da fəallaşdırır və heç bir şübhə yoxdur ki, bundan sonra da sərhəddə Ermənistanın törədə biləcəyi kiçik miqyaslı təxribatlardan tutmuş, hərbi əməliyyatlara qədər Ermənistan cəmiyyətini həvəsləndirir və Qərbin verdiyi bu dəstək Ermənistanın öz pozucu və təcavüzkar mövqeyində guya haqlı olduğu ilə bağlı bir illüziya yaradır ki, bu da olduqca təhlükəlidir.
Əlbəttə, 5 aprel müzakirələrini tam real əsaslarla Azərbaycana qarşı hərbi pakt formalaşdırmaq kimi bir siyasətin əlamətlərini görmək lazımdır. Rəsmi şəkildə hər hansı bir pakt yaradılmasa da,  bu müzakirələrin zamanı və formatda iştirak edən tərəflər artıq Azərbaycana qarşı hansısa hərbi paktın iştirakçıları kimi nəzərdən keçirilə bilər. Çünki onların məqsədi bölgədə sülh perspektivlərinin qarşısını almaq, gərginliyi artırmaq, yeni münaqişə yaratmaq və imkan daxilində bu bölgədə yeni cəbhə açmaqdır. Bizim bunlara heç bir şübhəmiz yoxdur. Ona görə də, Azərbaycanın 5 aprel görüşü ilə bağlı rəsmi açıqlamaları, bu görüşün mahiyyətinin açılması yönümündə atılan addımlar, bölgəmizdə sülhün və təhlükəsizliyin gələcək mənafelərinə xidmət edir. Perspektivli mövqelərdir və 5 aprel görüşündə Azərbaycana qarşı hərbi siyasi tədbirlərin görüləcəyi indidən heç bir şübhə doğurmur.
Bu tədbirlər isə aydın məsələdir ki, bölgədə çox kövrək olan sülh prosesini baltalamaqdan başqa bir şey deyil. Təəssüflər olsun ki, müəyyən dövlətlər Ermənistanı yeni müharibəyə hazırlaşdırmaq üçün açıq addımlar atdıqları bir vaxtda bu bölgədə sülhün mənafeləri üçün narahat olan qüvvələrin sırasında  Azərbaycandan və Türkiyədən başqa kiminsə səsi eşidilmir. Açıq demək lazımdır ki,  bölgədə sülh və təhlükəsizliyə  qarşı Ermənistanın əli ilə ciddi müharibə planları işləndiyi bir vaxtda Rusiya hələ də müşahidə mövqeyi tutur və Paşinyanın apardığı anti-sülh siyasətinə qarşı ancaq əks ritorika mövqeyindən cavab verməklə kifayətlənirlər. Rusiya tərəfdən ciddi əks addımların atılmaması bölgədə balansın, həm də hərbi balansın ciddi şəkildə, təhlükəli formada pozulmasına gətirib çıxara bilər. Azərbaycanın siyasəti ardıcıldır, Azərbaycan siyasəti sülhə və təhlükəsizliyə söykənir. Amma çox təəssüflər ki, Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi qüvvələrin, o cümlədən də 5 apreldə Brüsseldə toplaşacaq qüvvələrin ürəyincə olmadı və bu qeyri-məmnunluğun nəticəsidir ki, 5 apreldə Brüsseldə Azərbaycana qarşı tədbirlər hazırlanır. Bu tədbirlərin mahiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın ərazi bütövlüyündən məmnun deyillər və ərazi bütövlüyünə qarşı atdıqları addımları 5 apreldə Brüsseldə bu və digər formada davam etdirməyə çalışacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31