Azərbaycanın xarici siyasət istiqamətlərindən biri də NATO-ya inteqrasiyası ilə bağlıdır- ÖZƏL
28 Mart 2024 12:45 Siyasət"Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb və sonrakı illərdə inkişaf etdirilib. Belə ki, Azərbaycanın NATO ilə daha sıx əməkdaşlığı 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Brüsseldə "Sülh naminə Tərəfdaşlıq" çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Məhz Heydər Əliyevin 1997-ci il noyabrın 21-də imzaladığı Fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub və bu gün də həmin nümayəndəlik fəaliyyətini uğurla davam etdirməkdədir". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Xüsusilə qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasət istiqamətlərindən biri də bu hərbi alyansa inteqrasiyası ilə bağlıdır. Belə ki, ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv statusu alıb, 2004-cü ildən "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Bütün bunlar Azərbaycan-NATO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev NATO ilə Azərbaycan arasında əməkdaşlığa daim önəm verib və əbəs deyil ki, 2004-cü ildə ölkəmiz qurumun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün münasibətlər daha da genişləndirilir".