Ermənistan artıq vəziyyətin ciddiliyini anlayır-Vüqar Əhmədov- ÖZƏL
27 Mart 2024 17:04 Siyasət"Aprelin 5-də Brüssəldə Ermənistan tərəfinin iştirakı ilə ABŞ, Avropa İttifaqı və Fransa rəsmiləri ilə görüşün keçirilməsi nəzərdə tutulur. Yayılan xəbərlərdə bildirilir ki, İrəvan bu görüşü cağırmaqla Ermənistan üçün hansısa təhlükəsizlik zəmanəti almaq istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"İki ölkə arasında müəyyən gərginliyin mövcud olması həqiqəti əks etdirə bilər, bunu ötən gün Paşinyan Qazaxın kəndlərində yerli əhali ilə görüşdə də bildirib ki, əgər Ermənistan öhdəlikləri yerinə yetirməsə yenidən müharibə təhlükəsi meydana çıxa bilər. Lakin mən düşünmürəm ki, gərginlik yenidən müharibənin alovlanmasına gətirib çıxarsın. Sadəcə Azərbaycan öhdəliklərlə bağlı İrəvana ciddi xəbərdarlıq edib və Ermənistan artıq vəziyyətin ciddiliyini anlayır.
Mən belə başa düşürəm ki, Brüsseldəki görüş Paşinyanın regionda süni ajiotaj yaratmaq, diqqəti özünə cəlb etmək və Qərbdən maliyyə və siyasi dəstək almaq məqsədi daşıyır. Çünki indi Ermənistanda ciddi anti-Rusiya dalğası hökm sürür və Paşinyan bundan istifadə edib hakimiyyətini qorumağa çalışır. Paşinyan Qərbi özünə yaxınlaşdırmaqla həm də yaratdığı anti-Rusiya dalğasını kompensasiya etmək istəyir.
Bunun Azərbaycanla olan tərəfinə gəldikdə ölkəmizlə yaxın sərhəddə missiyanın qanunsuz şəkildə toplanması bizim ölkəmizin maraqlarına qarşıdır, lakin hər hansı buna bənzər missiya və yaxud indi Ermənistana verilə biləcək hərbi yardım düşünmürəm ki, bu ölkənin Azərbaycana qarşı nələrisə dəyişmək gücündə olsun. Lakin istənilən halda regionda indiki konfiqurasiya dönəmində belə addımların atılması regional təhlükəsizlik baxımından doğru addım deyildir və vəziyyəti daha da gərginləşdirə bilər".