Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar-Tural İsmayılov- ÖZƏL
27 Mart 2024 17:09 Siyasət"Brüsseldə Aİ və ABŞ-nin Ermənistanla keçirəcəyi görüş əslində Qərb neoimperialist şəbəkələrinin Cənubi Qafqaz regionu ilə bağlı həyata keçirmək istədiyi təhlükəli plan və tendensiyaları növbəti dəfə ortaya qoymuş olur".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylara açıqlamasında bildirib:
"Daha əvvəl də Azərbaycanın razılığı alınmadan Ermənistan ərazilərində Aİ mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı Sorosçu Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək adı altında ikinci Maysan ssenarisini həyata keçirməyə çalışır. Faktiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat plasdarmları formalaşdırmağa çalışır. Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, Ermənistanın inkişafını istəməyən, Ermənistandan ancaq özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışan başda Fransa və ABŞ-dəki ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar. Əslində, Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri normallaşdıraraq Ermənistan iqtisadiyyatını və Ermənistanı düşdüyü çətin vəziyyətdən xilas edə biləcək təkliflər paketi var ikən, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana sülh əli uzadılmışkən, sülhlə bağlı bu qədər çağırışlar edilmişkən Ermənistanın Qərbin müəyyən dairələri tərəfindən qızışdırılması, təhlükəli oyunlara cəlb edilməsi, bölgəni qarışdırmaq üçün müxtəlif ssenarilərin işlənməsi Qərbin bölgə ilə bağlı əsla səmimi olmadığını, Ermənistanı isə sadəcə olaraq özünün siyasi məqsədlərini yerinə yetirmək üçün istifadə etdiyi bir alət kimi yanaşdığını görürük".