“3+3” yerinə “1+2”?!.
25 Mart 2024 17:49 SiyasətErmənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş #Avropa Birliyi (AB) missiyasının statusuna dair razılaşmanı bu günlərdə ratifikasiya edib. Sözügedən missiya ötən ilin birinci ayında yaradılıb, ilin son ayında isə missiya iştirakçılarının sayı 138 nəfərdən 209-a çatdırılıb.
Qərb gah Fransanın, gah Fransa öncüllüyündə AB-nin, gah da ABŞ-ın timsalında Güney Qafqazda yeni nüfuz bölgüsü həyata keçirməyə çalışır. Belə çalışma bölgədə formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planlarından xəbər verir. Bu isə bölgənin dörd yanına ciddi təlatümlər, yeni qarşıdurmalar və müharibələrdən savayı heç nə vəd etmir.
Belə çıxır ki, Qərbə inteqrasiya olunmuş, işbirliyi mühitinin formalaşdığı Güney Qafqaz yerinə
militarizə olunmuş, silah-sursatla doldurulmuş - barıt çəlləyini xatırladan bir bölgə gərəkdir.
Əgər Güney Qafqazda ara qarışmalıdırsa, belə bir prosesdə "baş rol" Ermənistandan başqa kimə yaraşdırıla bilər ki?.. Dağıdıcı, pozucu proseslər ermənilərin və 105 illik Ermənistan Respublikasının tarixi gələnəyinə tam uyğundur. Belə bir "uyğunluq" içində Ermənistan növbəti dəfə vasitə olmaqdadır.
Bu məsələni yalnız biz izləmirik; bəlli "3+3" formatının bütün üzvləri də gedişata biganə deyil hər halda. Hər halda bu çanaq dübarə Ermənistanın başında çatlayacaq.
Hər kəs özünə qarşı mümkün təhdidləri, təhlükələri önləmək haqqına sahibdir.
Gələn ayın 5-də AB və ABŞ-la üçlü təhlükəsizlik görüşü keçirəcək Ermənistanın parlamentinin razılaşmanı məhz indi ratifikasiya etməsinin "niyə"si bizə aydındır. Gərək bölgə aydınlıq içində olsun. Bununçünsə, gərək "Qaranlıqlar yarılsın"!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI