Ukraynadaki vəziyyətlə Ermənistanda vəziyyət eyni deyil-Oqtay Qasımov- ÖZƏL
22 Mart 2024 18:41 Siyasət"Aprelin 5-də Brüsseldə gözlənilən Amerika - Avropa ittifaqı və Ermənistan üçtərəfli görüşməsi təbii ki, böyük mənada Güney Qafqaza sülhə töhfə verəcək bir görüşmə deyil".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov "Olaylar"a açıqlamasında bildirib:
"Çünki, burada Ermənistana müəyyən təminatlar verilməsi nəzərdə tutuldu. Bunların verilməsi də Ermənistanın sülh prosesindən yayınmasına gətirib çıxaracaq addımlardır. Bu görüşmələrlə Ermənistan faktiki olaraq revanşist addımlara təşviq edilir. Təbii ki, bu görüşmənin keçirilməsi qeyd etdiyimiz kimi həm Ermənistana müəyyən təminatların verilməsi, onun bəzi revanşist addımlara təşviq edilməsi və digər önəmli bir xüsus, Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması məsələsində müəyyən qədər də ürəkləndirmək, cəsarətləndirmək kimi dəyərləndirilməlidir. Kollektiv Qərb Ukraynadan sonra ikinci bir cəbhəni açmaqla Rusiyanı Güney Qafqazdan uzaqlaşdırmaq, onun təsir imkanlanlarını zəiflətmək və növbəti mərhələdə onun Mərkəzi Asiyada da təsir imkanlarını minimuma endirməyi planlayır. Bu da bölgədə ciddi şəkildə gərginliyə səbəb olacaq addımlardır. Burada Ermənistan üçün əsas hədəf kimi Azərbaycan götürülür. Ermənistan məhz veriləcək bu təminatlar nəticəsində Azərbaycana qarşı hansısa bir revanşist addımlar ata bilər. Bu da bölgədə yenidən münaqişənin alovlanmasına və hərbi əməliyyatlara gətirib çıxara bilər. Təbii ki, Qərblə bu qədər yaxınlaşma Rusiyayla bərabər həm də İranın maraqlarına uyğun deyil. İran da bundan müəyyən narahatlıqlar keçirir. Əgər Ermənistan və Qərb arasında yaxınlaşma reallaşacaqsa, qeyd olunan görüşmədə Amerika və Avropa ittifaqı tərəfindən qeyd olunan təminatlar veriləcəksə, onların kontingentləri Ermənistanda yerləşəcəklərsə, bu İran üçün də təhdidlər vəd edir. O zaman belə nəticəyə gəlmək olar ki, İran da əslində, özünün 30 ildən bəri Azərbaycana qarşı apardığı siyasətin nəticələrini görəcək. Onun heç arzulamadığı şəkildə Amerikanın, Qərbin hərbi qüvvələri onun sərhədlərinin yaxınlığında olacaq ki, İran da bununla bağlı artıq müəyyən narahatlıqları ifadə etməkdədir. Ermənistanın hal-hazırda Qərbdən və digər ölkələrdən verilən dəstəklə revanşist hisslərlə silahlanması və gələcəkdə hansısa revanşist addımlara cəhd etməsi təbii ki, Ermənistan üçün ağır nəticələrə gətirə bilər. Ermənistan Qərblə Rusiya arasında geopolitik mübarizənin episentrinə çevriləcəksə, bu da Ermənistan üçün ciddi problemlər demək olacaq. Çünki, Ermənistanda son dövrlər antirusiya ovqatının yüksəlməsinə baxmayaraq Rusiyanın hələ də Ermənistana müəyyən təsirləri var və bu təsir rıçaqlarını işə sala bilər ki, bu da Ermənistandakı vəziyyəti ciddi şəkildə gərginləşdirə bilər. Digər tərəfdən mən Ermənistanda Ukraynanı heç zaman eyniləşdirməyin tərəfində olmamışam. Çünki, bunlar tamamilə fərqli məsələlərdir. Nəzərə alsaq ki, Ukrayna ilə Ermənistanın potensialı arasında da on dəfələrlə artıq fərq var. Ermənistanda sadəcə ciddi şəkildə gərginlik baş verə bilər və Ukraynadaki vəziyyətlə Ermənistanda vəziyyət eyni deyil".