Azərbaycan dövləti Ermənistanla dinc qonşuluq şəraitində yaşamağa hazırdır - ÖZƏL

"Azərbaycan dövləti Ermənistanın dövlət təhlükəsizliyinə, əlbəttə ki, öz səlahiyyətləri çərçivəsində təminat verməyə həmişə hazır olub və bunu da dəfələrlə Azərbaycan tərəfi bəyan edib. Yəni bizim bir dövlət olaraq Ermənistan Respublikasına hücum etmək, onun ərazisini işğal etmək, ümumiyyətlə, Ermənistana başağrısı vermək kimi bir niyyətimiz yoxdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan dövləti Ermənistanla dinc qonşuluq şəraitində yaşamağa hazırdır və bunu sadəcə olaraq sözdə deyil, əməldə də dəfələrlə göstərib. Bu baxımdan, Azərbaycanın apardığı bu danışıqlar, ümumiyyətlə, ikitərəfli təmaslar nəticə etibarilə Ermənistan üçün əlavə bir imkan sayılmalıdır. Yəni onlar bunu dəyərləndirməyi bacarmalıdırlar. Azərbaycan nə qədər güclü olsa da, Ermənistandan qat-qat üstün olsa da, üstəlik də qalib tərəf olsa da, Ermənistana güzəştlərə gedir, onlarla doğrudan da normal sülh dilində danışıqlar aparır. Bunu da düzgün dəyərləndirmək, əlbəttə ki, Ermənistan tərəfinin vəzifəsidir. Bu baxımdan mən düşünürəm ki, Ermənistan rəhbərliyi bu fürsəti fövtə verməməlidir. Yəni çalışmalıdır ki, Azərbaycanın bu xoş məramından maksimum istifadə etsin və bu iki xalq və iki dövlət arasındakı münasibətlər nəhayət ki, normal müstəviyə daşınsın. Bu, həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması deməkdir. Yəni Azərbaycan dövləti ilə normallaşacaq münasibətlər o deməkdir ki, qardaş Türkiyə də Ermənistanla diplomatik münasibətlər quraraq tam şəkildə onunla qonşuluq münasibətlərini təmin edəcək. Bundan qazanan kim olacaq? Əlbəttə ki, daha çox Ermənistan. Çünki blokadadan çıxacaq rahat bir yaşayış əldə edəcək və təbiidir ki, dünyaya açılması üçün əlavə imkanlar qazanmış olacaq. Bu baxımdan Azərbaycanın xoş məramını düzgün dəyərləndirsələr, bu, mümkün qədər Ermənistanın xeyrinə olacaq. Azərbaycan da ermənilərə və Ermənistana bir pislik arzu etmədiyinə görə mən düşünürəm ki, ortada həll edilə bilməyəcək məsələ yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31