Ermənistan öz dövlət müstəqilliyini və suverenliyini yalnız bu üsulla qoruyub saxlaya bilər-Zeynal Əmrəliyev- ÖZƏL
22 Mart 2024 14:18 Siyasət"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb əvvəllər gözlədiyi qırmızı xətləri keçməyə başlayıb. Hazırda demək olar ki, tərəflər arasında heç bir hədd mövcud deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Əvvəllər postsovet məkanına Qərb ölkələrinin çox da müdaxiləsini görmürdük. Artıq həmən ölkələr sürətli şəkildə keçmiş sovet ölkələrini Rusiya əleyhinə ittifaqa cəlb etməyə başlayıb. Bunun üçün müxtəlif variantları işə salırlar. Gürcüstan əvvəldən Abxaziya və Cənubi Osetiya məsələsinə görə Rusiya ilə soyuq münasibətlərə malikdir və Qərbə inteqrasiya xəttini götürüb. Artıq Gürcüstan Avropa İttifaqına üzvlük üçün namizədlik statusu alıb. Regionda Rusiyaya ən çox bağlı olan ölkə Ermənistandır. Son günlər Ermənistanda antirus əhvalının güclənməsinin şahidi oluruq. Fransa başda olmaqla Qərb ölkələri həvəsli şəkildə Ermənistanı Rusiyaya qarşı qoymağa səy göstərirlər. Artıq Paşinyan hökuməti açıq şəkildə Rusiyaya qarşı revanş götürüb. Parlamentin sədri Alen Simonyan və Təhlükəsiz Şurasının katibi Armen Qriqoryan həvəslə Rusiyanı kəskin tənqid edirlər. Rusiyada da kəskin cavabların şahidi oluruq. Regionda yalnız Qərbin oyunlarına alət olmayan, Rusiya və Qərblə müstəqil siyasət yürüdən Azərbaycandır. İlham Əliyevin milli maraqlara söykənən siyasəti ölkəmizin müstəqil xarici siyasət kursunu müəyyən etmişdir. Ona görə də hazırda nəinki regionda, hətta dünyada Azərbaycan ən uğurlu ölkələrdən biridir. Ölkəmiz məhz cənab İlham Əliyevin bu uğurlu siyasəti nəticəsində öz torpaqlarını azad etdi, dövlət suverenliyini bərpa etdi. Qərb ölkələri həvəsli şəkildə Mərkəzi Asiya ölkələrini də müdaxilə edirlər. Qırğızıstan və Qazaxıstanla son zamanlar müxtəlif təmaslar həyata keçirilir. Özbəkistanla fərqli formatlarda əlaqələrin genişləndirilməsi üçün gedişlər edilir. Ancaq Mərkəzi Asiya liderləri Ermənistandan fərqli olaraq daha ehtiyatlı, öz ölkələrinin milli maraqlarını qoruyacaq siyasət yürüdürlər. Buna görə də Qərb hələ ki, İrəvanda olduğu kimi Mərkəzi Asiyaya müdaxilə edə bilmir. Rusiyanın Ermənistan cavabı şübhəsiz ki, olacaq. Ermənistan uzun illər Rusiyanın forpostu kimi fəaliyyət göstərib. Buna görə də Ermənistan daxilində xeyli sayda təşkilatlanmış Rusiyaya bağlı qüvvələr var. Təbii ki, Kreml lazım gələndə İrəvanda özünün olmuş hüceyrələrini oyadaraq Ermənistanı xərçəng kimi daxildən məhv edəcək. Paşinyan bunu hesablamalıdır. Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə əlaqələri normallaşdıb regional əməkdaşlıq mühitində iştirak etməkdir. Ermənistan öz dövlət müstəqilliyini və suverenliyini yalnız bu üsulla qoruyub saxlaya bilər".