ABŞ və Qərbin Cənubi Qafqazla bağlı gizli planları üzə çıxır
22 Mart 2024 12:59 SiyasətNATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri bir sıra ziddiyyətli məqamlarla müşahidə olundu. Bu arada yayılan məlumata görə, İrəvanda əldə olunan razılaşmaya görə, cari ilin aprel ayında ABŞ Dövlət Katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında geniş tərkibli görüşün baş tutacağı planlaşdırılır. Hüquqşünas Alim Hüseynli "Olaylar"a deyib ki, Baş katib regiona səfəri çərçivəsində Bakıda verdiyi açıqlamada bəyan etdi ki, Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir. Cənab Stoltenberq bununla Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanması istiqamətində aparılan ikitərəfli danışıqları konteksdən çıxararaq sülh razılaşmasının Avropanın vasitəçiliyi olmadan mümkünsüzlüyünə işarə edib: "Digər tərəfdən, "Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağını" həm Bakıda, həm də İrəvanda bəyan etdi". Bu isə açıq-aşkar NATO baş katibinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması, region ölkələrinin ruslarla müharibədə Qərb cəbhəsinə dəstəyini təmin etmək niyyətini güdür".
Hüquqşünas qeyd edib ki, Yens Stoltenberqin açıqlamalarının heç biri Azərbaycanın maraqlarına cavab vermir: "Əvvəla qeyd edək ki, sülh danışıqlarının ikitərəfli münasibətlər kontekstindən çıxararaq Avropaya daşınması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək yox, məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Bu cəhd həm də Ermənistana təhlükəsizlik qarantiyasının yaradılmasına hesablanıb. Təsəvvür etmək elə də çətin deyil ki, Avropa İttifaqı missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması region üçün nə qədər təhlükəli ola bilər. Rusiya-Ukrayna münaqişəsilə bağlı verilən açıqlama isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının tərkib hissəsidir.
Bu arada, İran da nəhayət anlayır ki, Ermənistanla sərhəddə onun təhlükəsizliyinə ciddi təhdid yaranmaqdadır və heç şübhəsiz ki, öz təhlükəsizliyini təmin etmək məqsədilə əməli fəaliyyətə başlayacağı istisna olunmur. Proseslərin gedişi deməyə əsas verir ki, ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu ssenaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur".