Bu akt bütün dünyanın qorumalı olduğu mədəni irsə qarşı vandalizmdir-Yusif Bağırzadə- ÖZƏL

"Türk dünyasının mədəniyyət xəzinəsində silinməz izlər qoyan bir şəxsiyyətin, tanınmış azərbaycanlı şairi Xurşidbanu Natəvanın heykəlinə hücum edərək ona qarşı vandalizm aktı törətmək təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətə qarşı hücumdur".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a olan açıqlamasında bildirib:

"Belə bir vandalizm aktının Fransada baş verməsi isə bu ölkədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının təzahürüdür. Bütün dünyaya özünü demikratiya və insan hüquqları carçısı kimi təqdim edən Fransada qadın azadlığına töhfələr vermiş Xurşidbanu Natəvanın heykəlinə qarşı bu cür iyrənc münasibət əslində bu ölkənin iç üzünü ortaya qoyur. Bu akt bütün dünyanın qorumalı olduğu mədəni irsə qarşı vandalizmdir. 
Məlumdur ki, Azərbaycan özünün çox mədəniyyətli və çox dinli ənənəsinə uyğun olaraq Fransada bir çox abidələrin, hətta kilsələrin belə bərpa edilməsinə böyük töhfələr verib. Bununla da Azərbaycan həm tarixi ənənəsini, həm də müxtəlif mədəniyyətlərə və dinlərə açıq olduğunu göstərib. Fransa isə əksinə bu cür utancverici hadisələrlə, təkcə dini dözümsüzlüyü deyil, həm də bizlərə olan aqressiyasını ortaya qoymuş olur. 
İncəsənət və mədəniyyət sahəsində böyük və tanınmış şəxsiyyətlər siyasi məqsədlər üçün alətə çevrilməməlidirlər. Evianda şairimizin heykəlinə qarşı törədilən vandalism akrı isə bu ölkədə mədəniyyətin də siyasi alətə çevrildiyini əks etdirir.
Şübhəsiz ki, bu hadisə qınanmalı və beynəlxaq tribunalardan da davamlı olaraq bəyan edilməlidir. Bir heykəli belə qorumaqda aciz olan və ya qorumaq istəməyən rəsmi Paris isə buna görə mütləq şəkildə cavab verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31