Bu məsələdə də real addımların atılacağını ehtimal etmək olar-Vüqar Əhmədov- ÖZƏL
11 Mart 2024 16:14 Siyasət"Separatçılara Ermənistanda iddialarını səsləndirməyə, yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərməyə şəraitin yaradılması ondan xəbər verir ki, bu ölkə hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Bu, Paşinyanın yanlış siyasətindən xəbər verir, eyni hərəkətləri Paşinyan yeni hakimiyyətə gələn vaxtı da etdi, Qarabağa gedib "Qarabağ Ermənistandır" dedi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Qarabağ məsələsi qapanandan sonra gərək Ermənistanda separatistlərin fəaliyyəti və mövcud olmasına şərait yaradılmasın. Lakin biz bunun əksini görürük, bu isə Azərbaycana əsas verir ki, Qərbi Azərbaycanı bəyan etsin və Qərbi Azərbaycandan deportasiya olunmuş həmvətənlərimizin öz ata-baba torpaqlarına qayıtması üçün əməli və praktik addımlar atsın. Bunun üçün yetərincə əsas da mövcuddur və necə ki, Qarabağ məsələsini Azərbaycan özü həll etdi, bu məsələdə də real addımların atılacağını ehtimal etmək olar".