Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxa bilər
2 Fevral 2024 15:39 Siyasətİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra dünyaya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu dövrdən başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropa inteqrasiya proseslərinə qoşulmağını şərtləndirən iki əsas amil mövcud idi: Birincisi, respublikamızda qısa müddətdə yaradılmış siyasi sabitlik, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər; ikincisi, Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb edən Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları. Məhz bu kimi amillər nəzərə alınaraq Azərbaycan insan hüquqları və demokratiyanın təminatçısı kimi tanınan Avropa Şurası ilə əməkdaşlıq etmək qərarını verdi.
Məlumat üçün qeyd edək ki, Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilat kimi tanınıb. 1949-cu ildə yaranan Avropa Şurasının məqsədlərinə insan hüquqları, pluralist demokratiya və qanunun aliliyini qorumaq, Avropanın mədəni kimliyini və müxtəlifliyini inkişaf etdirmək və təşviq etmək, Avropa cəmiyyətinin qarşılaşdığı ksenofobiya, dözümsüzlük, bioetika və klonlama, azlıqlara qarşı ayrı-seçkilik, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kibercinayət, uşaqlara qarşı zorakılıq kimi problemlərə ümumi həll yollarını tapmaq və siyasi, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Nəhayət 17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya edilməsi haqqında sənədi depozitariyə təqdim etmiş və həmin gündən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir. Məhz bu tarixdən etibarən Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və digərlərinin) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (Avropa Məhkəməsi) müraciət etmək hüququ yaranmışdır.
AŞ Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında AŞ Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Sədrlik dövründə Azərbaycanın prioritetləri aşağıdakılar olmuşdur: İdman oyunlarının saxtalaşdırılması da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə qanunun aliliyinin gücləndirilməsi; Qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi; Sosial birlik və sosial davamlılığın təmin edilməsi: kövrək qrupların hüquqlarının daha səmərəli müdafiəsi; Gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində təhsilinin təşviqi; məsuliyyətli və təhsilli gənclər nəslinin formalaşdırılması və onların öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olsa da, təşkilatın fəaliyyətinə müsbət töhvələr versə də daim qurumun təzyiqi ilə üzləşib. Qurumun nümayiş etdirdiyi ikili, qərəzli siyasətə etiraz olaraq Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək müəyyən müddətə fəaliyyətini dayandırıb. Buna səbəb AŞ PA tərəfindən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması olub.
Əvvala qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. Lakin 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Çox təəssüf ki, AŞ PA-nın hazırki qərarının arxasında birbaşa erməni diasporasının təsiri altında olan Fransa, Almaniya kimi dövlətlər dayanır. Xatırladaq ki, təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. Bu məsələnın həlli üçün ATƏT-in Minsk qrupu ən prespektivli platformadır. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanla Avropa Şurası münasibətlərində belə gərginlik birinci ddəfə deyil. Azərbaycan qurum qarşısında götürdüyü öhdəlikləri mütəmadi olaraq icra etməsinə baxmayaraq AŞ həmməruzəçiləri dəfələrlə qərəzli mövqelərini ortaya qoyublar. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti daim təşkilatda çox aktiv və konstruktiv fəaliyyət göstərib. Üstəlik rəsmi Bakı qurum qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. İndiyədək qurum qarşısında götürülən öhdəliklərdən yalnız "Alternativ xidmət haqqında" qanun qəbul edilməyib. Qanunun qəbulunun ləngiməsi isə birbaşa Azərbaycanın Ermənistanla müharibə şəraitində olmasıdır. Buna baxmayaraq, Azərbaycan bu öhdəliyin yerinə yetirilməsində daim israrlı olub. Odur ki, Azərbaycan Avropa Şurası qarşısında məsuliyyətini dərk etməklə yanaşı, qarşı tərəfdən də analoyi mövqe gözləyir. Amma indiyədək Azərbaycan Avropa Şurasından tamamilə gözlənilməz, reallığa uyğun olmayan münasibət görməkdədir. Belə ki, indiyə qədər təşkilat tərəfindən hazırlanan hesabatlarda Azərbaycan insan hüquq və azadlıqlarını məhdudlaşdıran, insanların siyasi əqidələrinə görə təqib edidiyi, azad mətbuatın olmadığı ölkə kimi təqdim edib. Hansı ki, ölkəmizlə əməkdaşılda bulunan bütün beynəlxalq təşkilatlar sadalanan məsələlərlə bağlı vəziyyətin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Təşkilatla Ermənistanla bağlı məsələnin müzakirəsi zamanı isə həmişə qeyri-obyektivliyə yol verilib. Başqa sözlə, Ermənistan daim Avropa Şurası tərəfindən himayə olunub. Avropa Şurası ikili standartlardan çıxış edərək inkişafda olan Azərbaycanı bütün demokratik azadlıqları məhdudlaşdıran Ermənistanla eyni sıraya qoyub. Sanki, Avropa Şurası bu yolla Azərbaycanda insan hüquqları, demokratiya, media sahəsində inkişafı görmür. Gəlinən nəticə ondan ibarətdir ki, ikili standartlar davam edərsə, Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxa bilər.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.