Məğlub tərəfin hər hansı bir şərtİ olmur, o, qoyulan şərtləri icra edir- RƏYLƏR
2 Fevral 2024 15:04 SiyasətErmənistan yanvarın əvvəlində Azərbaycana sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın göndərdiyi təkliflər paketini əldə etdiklərini və növbəti həftələrdə cavab təqdim olunacağını açıqlayıb. Təkliflər paketinə verilən cavab necə olacaq? Bu təkliflər nə qədər qəbulediləndir və ya deyil?
Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, sülh məsələlərinin uzanmasının əsas səbəbkarı Ermənistan tərəfidir:
"Artıq səhv eləmirəmsə, altıncı qarşılıqlı olaraq təkliflər paketinin mübadiləsini biz müşahidə eləyə bilirik. Düşünürəm ki, Azərbaycan tərəfi də Ermənistan tərəfinin qeydlərindən sonra orada lazımi, önəmli qeydlərini və fikirlərini əks etdirəcək, təkliflərini qeyd edəcək. Bundan sonra söz artıq yenə də Ermənistan tərəfinindir, növbəti dəfə yekun olaraq fikrini söyləməlidir bu məsələlərlə bağlı. Düşünürəm ki, bu qədər uzanmasının əsas səbəbkarı, günahkarı Ermənistan tərəfidir. Çünki biz ilk dəfədən, ilk günlərdə müharibədən dərhal sonra bu istiqamətdə təkliflər vermişik. Ermənistan hər dəfə görüşlərdə bu müzakirələri uzadıb, prosesi uzadıb və artıq uzana-uzana bu mərhələyə qədər gəlib çıxıb. Bu il əlverişli fürsət var ki, sülh müqaviləsi imzalansın və s. istiqamətdə işlər görülsün. Ermənistan bu fürsəti qaçıracaqsa, bu artıq onların problemidir. Azərbaycan bu məsələlərdə düşünürəm ki, tələsmir və tələsməyə də heç ehtiyacı yoxdur. Ermənilər sülh istəmirlərsə, sülh sazişi istəmirlərsə, bu da heç bizə lazım deyil. Bizim xalqımız sülhsevər xalqdır, amma sülh sazişini onlar istəmirlər. Müxtəlif bəhanələrlə səbəbini uzadacaqlarsa, bu heç bizə lazım da deyil. Bu barədə düşünürəm ki, ermənilər daha çox düşünüb addım atmalıdır".
Siyasi ekspert Aydın Quliyevin sözlərinə görə, təcrübə göstərir ki, artıq neçənci dəfədir ki, Azərbaycandan Ermənistana, Ermənistandan isə Azərbaycana sülh sazişi ilə bağlı təkliflər paketi gəlsə də, bu paketlərin təhlili Ermənistanın sazişi imzalamaqdan daha çox, hər dəfə ona maneçilik törətmək məqsədi aydın görsənir:
"Əgər indiyə qədər sülh sazişi mətnində müəyyən ciddi maneələrin aradan qaldırılması mümkün olubsa, bu, yalnız Azərbaycanın sayəsində olub. Hazırda da artıq neçənci dəfədir ki, saziş mətni ilə bağlı paket mübadilələri həyata keçirilsə də, amma həlledici bir mərhələyə daxil olduğumuzu hələlik təəssüf ki, düşünə bilmərik. Ona görə ki, sülh sazişinin imzalanması üçün vacib olan əsas məsələ, bir neçə prinsipial məsələ ilə bağlı aydın mövqe ortaya qoymaqdır. Bu da sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, anklavlar məsələsinin həll olunması və s. Çox təəssüf ki, Ermənistan hələlik bu məsələlərlə bağlı aydın bir mövqe ortaya qoymayıb və hətta sülh sazişi üzərində danışıqların fasiləsiz davam etdirilməsinə belə cəhd göstərmir. Bu cəhdi ortada görmədiyimizə görə, Ermənistanın sülh sazişi imzalamaqda maraqlı olduğunu təəssüf ki, söyləmək çox çətindir".
Politoloq Samir Hümbətov bildirir ki, əslində, məğlub olan tərəfin hər hansı bir şərti olmur, məğlub olan tərəf qoyulan şərtləri icra edir:
"Ermənistan tərəfi Azərbaycana sülh müqaviləsi ilə bağlı öz təkliflərini göndərir. Əslində bu tarixdə belə bir hal var ki, daim belə bir nüanslar olub ki, məğlub olan tərəfin hər hansı bir şərti olmur, məğlub olan tərəf qoyulan şərtləri icra edir. Amma görünür ki, Ermənistanı o dərəcədə qızışdırıblar ki, o dərəcədə Ermənistanı belə deyək, hədəqəsindən çıxardıblar ki, ona qaz veriblər ki, Ermənistan istəyir ki, burada Azərbaycanla şərt formada danışsın. Düzdür, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qeyd etdi ki, biz o təkliflərə baxırıq və cavablandıracağıq. Əslində Azərbaycanın o beş baza prinsipinin ətrafında gedir bütün danışıqlar. Sadəcə o baza prinsipinin detallarının razılaşdırılması ola bilər. Yəni mən hesab edirəm ki, orada Ermənistan hər hansı bir Azərbaycana şərt qoymaq nə imkanı, nə potensialı yoxdur, nə də qoya da bilməz, nə də Azərbaycan qoysa da, onu qəbul etməyəcək. Azərbaycan sadəcə və sadəcə əvvəldən irəli sürdüyü o beş baza prinsipi ki var, onun ətrafında Ermənistanla danışıqlar aparır və onun detallarını müzakirə edib qəbul etməyi həyata keçir. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə doğru müəyyən bir addım atıla bilər. İndi düzdür, Paşinyan gah deyir ki, pakt bağlayaq, gah deyir çərçivə sülh sazişi bağlayaq, gah deyir tam sülh sazişi bağlayaq. Mən başa düşürəm, onun siyasi savadının zəif olması, hüquqi prosedurları bilməməsi bəlkə də onu bu vəziyyətə gətirib çıxarır. Amma Azərbaycan tərəfi prosesin hansı formada getməli olduğunu çox yaxşı bilir və ona görə də addım atır.
Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanın irəli sürdüyü beş baza prinsipinin detallarının razılaşdırılması əsasında müəyyən bir sənədin imzalanması imkanları mövcuddur. Təbii ki, burada yenə də Ermənistanın iradə göstərməsi önəmlidir. İndi onu nə dərəcədə bacaracaq, ya bacarmayacaq, o bir az sual altındadır. Amma Ermənistan Azərbaycana heç bir zaman şərt qoya bilməz və qoymağa da haqqı yoxdur. Hətta Azərbaycan Birinci Qarabağ savaşında məğlub olsa belə, yenə də şərtləri Ermənistan qoymurdu. Ona görə düşünürəm ki, burada Azərbaycanın əli çox möhkəmdir və müharibənin qalib tərəfidir. Ona görə də şərtləri Azərbaycan diktə eləyir və Ermənistan sadəcə olaraq o detallar üzərində müəyyən razılaşdırmalar aparır".
Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Ermənistan hər hansı təkliflər verənə qədər, öz konstitusiyasına əl gəzdirməlidir:
"Sülh müqaviləsinin bağlanması və bütövlükdə münaqişənin tam olaraq sona çatdırılması ilə bağlı Ermənistan əlbəttə ki, təkliflər verə bilər. Lakin buna qədər öz konstitusiyasına əl gəzdirməlidir. Çünki həmin konstitusiyada Azərbaycan Respublikasının dünyaca tanınan, qəbul edilən, BMT səviyyəsində qəbul edilən, eləcə də bütün dünya dövlətləri tərəfindən qəbul edilən əraziləri Ermənistana qatılacaq bir iddiası var. Yəni konstitusiyanın preambulasında Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur və o bəyannamədə də açıq şəkildə, açıq mətnlə yazılıb ki, Ermənistan Respublikası və Dağlıq Qarabağ - Qarabağın birləşdirilməsi. Yəni bu artıq Ermənistan Respublikasının Konstitusiyasında belə Azərbaycan torpaqlarına ərazi iddiası irəli sürməsinin bir sübutudur və bu aradan qaldırılmalıdır.
İkinci bir tərəfdən Ermənistanın gerbində qardaş Türkiyənin Ağrı dağı təsvir edilib. Yəni Ermənistan gerbində Türkiyənin torpaqlarına iddia edir. Əlbəttə ki, Azərbaycanın torpağına iddia etmək bizim üçün nədirsə, qardaş Türkiyənin torpağına iddia etmək də odur. O baxımdan gerbi də dəyişməli olacaqlar. Yəni tam olaraq sülh müqaviləsi əldə etmək istəyirlərsə, bu iki məqamı mütləq diqqətə almalıdırlar. kökündən həll etməlidirlər. Ondan sonra, bəli, Azərbaycanla Ermənistan arasında, eyni zamanda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulacaq, normal qonşuluq münasibətləri də bərqərar olacaq".
Röyalə Xəyal