Ermənilər Azərbaycana qayıdarsa, Ermənistandan qovulmuş azərbaycanlılar da öz torpaqlarına mütləq qayıtmalıdır

Ermənistanda Qarabağ ermənilərinin repitasiyası üçün yeni yaradılmış komissiya işə başlayıb və tərkibi də getdikcə genişlənir. Azərbaycan hakimiyyəti də ölkə vətəndaşlığını qəbul etmək istəyən Qarabağ ermənilərini qəbul edəcəyini bildirir. Bəs ekspertlər bu mövzuda nə düşünür?
Bununla yanaşı, erməni kilsəsinin rəhbərinin ordu günü ilə bağlı müraciətində revanşist əhval-ruhiyə var. Bu cəhdlər nə vəd edir?

Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, ermənilərin hansı komissiya yaradıb - yaratmamasından asılı olmayaraq, Azərbaycan,  Azərbaycan vətəndaşlığı altında yaşamaq istəyən ermənilər üçün fikirlərini açıqlayıb:
"Müharibənin ilk günlərində, daha sonrakı dönəmlərdə də  bir gün  çəkən antiterror tədbirləri zamanı, ondan sonra da açıqlandı ki, qalmaq istəyən Qarabağda doğulmuş, yaşamış şəxslər  Azərbaycan vətəndaşlığı altında bundan sonra da davam eləmək istəyirlərsə, onlar qala bilərlər. Müvafiq Azərbaycan qurumları bu barədə onların müraciətlərinə baxacaq və baxılanlar da var, Qarabağda hazırda ermənilər də var. Hazırda yaşayanlar var ki, Azərbaycan, hər zaman müvafiq qurumlar, aidiyyəti təşkilatlar onlara yardım da göstərirlər, dəstək olurlar. Ermənilər orada revanşizm cəhdləri ilə, hansısa komissiyalar, qurumlar, komitələr yaratmaqla nələrsə nail olması ilə yanılırlar. Yəni bu, çıxış yolu deyil. Çıxış yolu Azərbaycan dövlət rəhbərinin verdiyi təkliflər əsasında Azərbaycanın  müvafiq qurumlarının çalışmalarına uyaraq, Azərbaycan qanunları çərçivəsində bu məsələlərin həyata keçirilməsində iştirak etməkdir. Yoxsa ki, o komissiyalar, komitələr Azərbaycan üçün heç bir əhəmiyyət daşımır və əgər Ermənistan Qarabağda ermənilərin məskunlaşmasında hər hansı bir çalışmalarda iştirak etmək istəyirsə, Azərbaycanın da şərtləri var. O zaman Ermənistandan, dədə-baba torpaqlarından qovulmuş qərbi azərbaycanlıların qayıtmasını və məskunlaşmasını Ermənistan təmin etməlidir".

Siyasi ekspert Aydın Quliyev qeyd edir ki, Qarabağdan könüllü köçüb keçmiş ermənilərlə bağlı Azərbaycan dövlətinin ilk anlardan elan olunmuş aydın siyasəti var:
"Necə ki, Azərbaycan dövləti Qarabağda yaşamış ermənilərin buradan çıxarılmasında heç vaxt maraqlı olmayıb. Eynilə də, Azərbaycan dövləti onların azad və təhlükəsiz şəkildə geriyə dönərək, Qarabağda öz yaşamlarını sürdürmələrinin tərəfdarı kimi çıxış edib. Hətta hökumət portalı yaradılıb. Bu portal vasitəsilə istənilən bir keçmiş Dağlıq Qarabağ ermənisinə şans tanınıb ki, Azərbaycan vətəndaşlığının qəbul olunması üçün müraciət etsinlər və konstitusiya çərçivəsində bizim dövlətin hüquq və azadlıqlarından istifadə eləyə bilsinlər. Azərbaycan tərəfdən ermənilərin geri qayıdışının təmin olunmasına heç bir maneə yoxdur. Yeganə maneə ermənilərin özləri tərəfindən, xüsusilə də Ermənistan hakimiyyəti tərəfindəndir, İkincisi isə Ermənistanın revanşist qüvvələri, o cümlədən də dini liderin revanşçı çıxışları bu yolda ciddi və əsas maneələrdir.
Ermənistan hakimiyyətinin sülh sazişinin imzalanmasında hələlik maraqlı olmaması və sazişin imzalanmasının zamandan zamana gecikdirilməsi Qarabağ ermənilərinin geri qayıdışına mane olan ən böyük psixoloji faktordur. Çünki Qarabağ erməniləri də görürlər və hesablayırlar ki, əgər Ermənistan hakimiyyəti sülh sazişi imzalamırsa, deməli, Qarabağa qayıtmağın mənası yoxdur. İkincisi, Ermənistandakı revanşist qüvvələr, birinci növbədə isə Ermənistan katolikosu Qareginin revanşçı çıxışları, çağırışları ermənilərin Qarabağa geri dönüşünə mane olan ən böyük faktorlardan biridir. Çünki sadə insanlar öz hakimiyyətlərinə, dövlətlərinə itaət etdikləri qədər, həm də dini liderlərə itaət edirlər. Açığını desək, sadə ermənilər də erməni katalikosu Qareginin sözlərinə bir o qədər mötəbər yanaşırlar və hesab edirlər ki, əgər Qaregin də hələlik müharibənin bitmədiyini və keçmiş ləğv edilmiş Artsaxın qisasını almaq eşqi ilə yaşayırsa, deməli, sadə ermənilər üçün Qarabağa geri dönüş şansları yoxdur. Buna görə də Azərbaycan dövlətinin siyasəti tam aydın olsa da, yəni ermənilərin geri dönüşünə şərait yaratmaq siyasəti aparılsa da, amma Ermənistanda hakimiyyətin buna hazır olmaması və Ermənistanın dini lideri də başda olmaqla revanşçı siyasətçiləri Qarabağ ermənilərinin geri dönüşü yolunda ən böyük maneələrdir. Bu iki maneəni Qarabağ ermənilərinin aşa biləcəyini, sözün doğrusu, güman eləmirəm".

Politoloq Samir Hümbətovun sözlərinə görə, Ermənistan tərəfinin verdiyi son açıqlamalar, ümumiyyətlə Ermənistan hakimiyyətindən gələn son açıqlamalar bir-birinə ziddiyyət təşkil eləyən və etdikləri hərəkətlərlə üst-üstə düşməyən bir açıqlama kimi dəyərləndirilə bilər:
"Düzdür, Qarabağ ermənilərinin Azərbaycana qaytarılması ilə bağlı bəzi fikirlər səsləndirilir. Bu demək olar ki, bütün səviyyələrdə qeyd olunur. Azərbaycanda da bunu açıq şəkildə deyirlər ki, 1991-ci ilə qədər, yəni müstəqilliyin yeni bərpasına qədər Xankəndidə doğulmuş şəxslərin Xankəndidə yaşamaq hüquqları var, orada yaşaya bilərlər. Daha sonra, yəni Birinci Qarabağ savaşından sonra Azərbaycan ərazisinə köçürülmüş Livan, Suriya, Fransa və digər ölkələrdən gələn ermənilərin burada məskunlaşmasına  təbii ki, Azərbaycan hökuməti razı deyil və olmayacaq da. Çünki onlar Azərbaycan vətəndaşı sayılmırlar.
Eyni zamanda, Azərbaycanın həmin o köçürülən ermənilərə şərt olaraq qoyduğu əsas tələb ondan ibarətdir ki, yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda bunu həyata keçirə bilər. Çünki özgə şəxsin, özgə vətəndaşın Azərbaycan ərazisində nə işi var ki? Bu da təbii ki, beynəlxalq hüquqa tam uyğun olan bir tələbdir, şərtdir və hesab edirəm ki, bunu da həyata keçirməyə borcludurlar.
Qaldı ki  erməni din xadimlərinin ordu günü ilə bağlı çıxışlarında verdiyi bu cür revanşist açıqlamalara, biz əvvəldən bilirik ki, ümumiyyətlə Cənubi Qafqazda baş verən Ermənistanla Azərbaycan arasındakı bu toqquşmalar, müharibələr, bu erməni vəhşiliyinin arxasında birinci dayanan əsas güc məhz, erməni kilsəsidir. Yəni onun belə deyək, təlimatları əsasında bu gün artıq bölgəni qan gölünə çeviriblər və indi-indi hələ Azərbaycanın səyləri ilə bu məsələ bir az aradan qaldırılıb və işlər normala doğru gedir. Yəni mən düşünürəm ki, erməni kilsəsinin belə hərəkətləri sülhə əməlli-başlı zərbə kimi dəyərləndirilə bilər və çox təəssüflə deyək ki, bir çox güclər bunu görməzdən gəlir, hətta pərdə arxasından ona dəstək verdiyini də qeyd edə bilərik".

Siyasi şərhçi Azər Həsrət bildirir ki, ermənilərin geri qayıtmasında heç bir problem yoxdur:
"Əlbəttə ki, Azərbaycan dövləti ilk gündən bəyan etmişdi ki, dinc ermənilər qalıb yaşaya bilərlər, Azərbaycan vətəndaşlığı almalıdırlar və Azərbaycan Konstitusiyası bayrağı altında normal bir şəkildə yaşamalıdırlar. Buna heç bir əngəl yoxdur, bundan sonra da olmayacaq. Lakin bir şeyi unutmayaq ki, ermənilər Azərbaycana qayıdırsa, təbiidir ki, Ermənistandan qovulmuş azərbaycanlılar da öz torpaqlarına mütləq qayıtmalıdır. Yəni belə olmamalıdır ki, onlar bura qayıdacaq, biz ora qayıda bilmərik, qarşılıqlı şəkildə edilməlidir bu məsələ. Ona görə də mən düşünürəm ki, ermənilər komitə qura bilərlər, komissiya qura bilərlər, nə istəsələr, edə bilərlər, öz işləridir. Amma əlbəttə ki, bu cür məsələlər qarşılıqlı razılaşma əsasında icra edilməlidir. O baxımdan düşünürəm ki, ermənilər bunu mütləq nəzərə almalıdır.
İkinci məsələ, erməni kilsəsinin bu məsələlərdə belə fəallıq etməsi, qarışması, əlbəttə ki, ümumilikdə prosesi pozmağa hesablanıb. Ona görə də ermənilər ağıllı olmalıdırlar. Həmin o kilsəyə, kilsənin rəhbərinə, ümumiyyətlə, bu işlərlə məşğul olan şəxslərə başa salmalıdırlar ki, prosesə müdaxilə etməsinlər. Əlbəttə, biz onların o revanşizmindən çəkinmirik, qorxmuruq. Həmişə demişik, gələcəkləri varsa, görəcəkləri də var. Yəni güc mövqeyindən çıxış edəcəklərsə, biz də onlara güc mövqeyindən cavab verəcəyik. Həmd olsun ki, güc mövqeyindən cavab verməyə də yetərincə imkanımız var".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31