Ermənistanın bu müsbət addımı dəyərləndirilməlidir - Xəyal Bəşirov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Artıq Azərbaycanla Ermənistan hansısa mövzularda eyni fikirdən çıxış edə bilirlər. Bu təbii ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə bağlıdır."

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Çünki, biz II Qarabağ müharibəsi başladığı gündən prezident İlham Əliyevin dediyi kimi, Ermənistanı sülhə məcburetmə prosesini həyata keçiririk. Bu prosesin həyata keçirilməsi nəticəsində biz bir sıra uğurlu addımlar atmışıq, baxmayaraq ki, zaman-zaman Ermənistan pozuculuq siyasəti yürüdür, kənar dövlətlərin və qüvvələrin təsiri altında addımlar atmağa çalışır. Bu prosesin uzanmasına və pozulmasına gətirib çıxarır, amma hər bir halda biz bu istiqamətdə uğurlu addımlar atmışıq. Əslində bizim II Qarabağ müharibəsinə qədər də, ondan sonra post-münaqişə dövrünə aid olan problemlərin həllində də əsas istəyimiz ondan ibarət olub ki, biz Ermənistanla kənar qüvvələrin, dövlətlərin və təşkilatların iştirakı olmadan aramızda olan problemlərin həllinə nail olaq. Ermənistan isə həmişə prosesə digər tərəfləri, dövlətləri və təşkilatları daxil etməyə cəhd göstərib. Bu da təbii ki, II Qarabağ müharibəsinə qədər münaqişənin həll olunmamasına gətirib çıxartdı. Münaqişə həll olunandan sonra da mövcud olan problemlərin həllinin uzanmasına səbəb Ermənistanın yenə də həmin siyasəti davam etdirməsidir. Son zamanlar artıq Ermənistanla Birgə Sərhəd Komissiyasının görüşlərinin keçirilməsi, hərbi əsirlərin mübadiləsi və eyni zamanda Ermənistan tərəfinin Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərviçə Konvensiyasına tərəf dövlətlərin 29-cu iclasına ev sahibliyi etməsi istiqamətində Ermənistan tərəfinin namizədliyini geri götürməsi, Azərbaycanın da Şərqi Avropa üzrə bu təşkilatın Ali Məclisinə üzv olması məsələsinə müsbət yanaşması bizim artıq Ermənistanla bir sıra məsələlərdə anlaşmağımızdan xəbər verir. COP29-a evsahibliyi etmə məsələsində Ermənistanın ümumiyyətlə şansı yox idi, Azərbaycanın isə şansı təbii ki, çox idi. Hər bir halda biz bizə qarşı atılan həm mənfi, həm müsbət addımı dəyərləndiririk. Ermənistanın bu xoş niyyəti, bu müsbət addımı da dəyərləndirilməlidir ki, biz Ermənistanla gələcəkdə eyni coğrafiyanı bölüşmək məcburiyyətində qaldığımıza görə hansısa digər məsələlərdə də dil tapa bilək, eyni fikirdən, prizmadan çıxış edə bilək. Düşünürəm ki, Ermənistana 2 azərbaycanlı müqabilində 32 erməni əsirinin verilməsi məsələsi də bu prosesə ciddi təsir göstərdi. Çünki, ilk olaraq diqqətə çatdırım ki, Azərbaycanın 2 azərbaycanlı müqabilində 32 ermənini verməsi bir daha ondan xəbər verir ki, Azərbaycan dövləti və onun rəhbəri hər bir azərbaycanlıya böyük dəyər verir. Bizim üçün bir azərbaycanlı minlərlə erməniyə dəyər və təbii ki, bu prizmadan yanaşanda bu məsələdə Azərbaycanın öz vətəndaşını hansı səviyyədə dəyərləndirməsi göz önünə gəlir. Bizim Ermənistanla münasibətləri normallaşdırmaq istəyimiz baxımından da bu çox müsbət addımdır. Biz hətta Azərbaycan ərazisinə diversiya qrupu şəkilində cinayət törətmək məqsədiylə daxil olmuş insanların belə təhvil verilməsinə razılaşırıq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın, münasibətlər normallaşsın. Bütün bu məqamları nəzərə alsaq, düşünürəm ki, artıq biz bütün beynəlxalq ictimaiyyətə, həm də Ermənistan cəmiyyətinə göstərmiş olduq ki, Azərbaycanın istəyinə uyğun olaraq Azərbaycan Ermənistanla hansısa məsələlərin digər tərəflərin iştirakı olmadan danışıqlar yolu ilə həllinə nail ola bilirsə, artıq biz digər daha həlledici məsələlərlə bağlı da Ermənistanla danışıqlar apara bilərik və uğur əldə edə bilərik. Bunlardan biri də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması məsələsidir. İstəyimiz ondan ibarətdir ki, bundan sonra mövcud olan problemlərin də həllinə Ermənistanla ikitərəfli qaydada həllinə nail olaq. Digər tərəflər əgər prosesə cəlb olunacaqlarsa, məsələn Fransa kimi ermənipərəst dövlətlər, o halda yenə də biz mövcud olan bəzi problemlərin həllinə nail ola bilmərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31