İran Ermənistan ilə sıx münasibətlər qurmaqdansa, Azərbaycan ilə münasibətləri daha da dərinləşdirməlidir

"Hesab edirəm ki, İranın Qafanda konsulluq açması, Ermənistanın analoji fəaliyyətini Təbrizdə həyata keçirmək istəyi hər iki dövlətin özünün daxili işidir. Amma bu məsələlərdən Azərbaycana qıcıq yaratmaq və Azərbaycana təzyiq vasitəsi kimi istifadə istifadə etmək istəyirlərsə, hesab edirəm ki, bu çox yalnış fəaliyyətdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
"Bu cür çalışmalarla bölgədə vəziyyəti sakitləşdirmək əvəzinə gərginləşdirmək niyyəti güdüb addım atan hər bir dövlətin çalışmaları onun özü üçün problem yaradacaq. İran Ermənistana dəstək verib Azərbaycana qarşı mövqe sərgiləməkdənsə, ən yaxşısı çalışmalıdır ki, bölgənin ən güclü dövləti olan Azərbaycanla münasibət qurub, bu münasibətləri inkişaf etdirsin. Çünki Azərbaycan bölgənin həm güclü, həm də müqavilələrinə, öhdəliklərinə əməl edə bilən etibarlı dövlətidir.
Ona görə mən bu çalışmaların əgər normal qonşuluq münasibətləri üçündürsə, normal qarşılayıram. Yox, əgər İranla Ermənistan Azərbaycanı təkləmək, sıxışdırmaq, Azərbaycana problem yaratmaq məqsədi güdürsə, bu yalnış çalışmadır.
İran daim İsrail məsələsini xüsusi qabardaraq bir təzyiq metodu seçmək istəyirsə, bu da yalnış məsələdir. Çünki Azərbaycan daim rəsmi şəkildə bəyan edib ki, onun ərazisindən üçüncü ölkələrə qarşı, xüsusilə də İrana qarşı istifadə olunması mümkün deyil. Yəni, heç Azərbaycan özü də buna şərait yaratmır. Buna görə İranın bu narahatlığı anlaşılan deyil və boşunadır. Yenə də qeyd edirəm ki, İran Ermənistan ilə sıx münasibətlər qurmaqdansa, Azərbaycan ilə münasibətləri daha da dərinləşdirib, daha çox faydalı nəticələr əldə edə bilər, nəinki, məğlub, bədbəxt və zəlil bir ölkə olan Ermənistanla".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31