Prezident Nəsimi rayonunda 35 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
8 Sentyabr 2022 17:02 SiyasətArtıq bir neçə gündən sonra yeni tədris ilinə start verilir. Hər il olduğu kimi cari ildə də yeni tədris ili başlayana qədər istər paytaxtda, istərsə də bölgələrdə yeni ümumtəhsil müəssisələri inşa olunub, bir çoxlarında isə təmir-bərpa işləri həyata keçirilərək onların maddi-texniki bazası, insfrastrukturu yeniləşdirilib. Belə orta təhsil müəssisələrindən biri də paytaxtın Nəsimi rayonunda yerləşən 35 saylı orta məktəbdir. Məlumat üçün qeyd edək ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.
"OLAYLAR" xəbər verir ki, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Onu da qeyd etmək lazımdır ki, sözügedən təhsil ocağının yeni korpusu tikiilməkdədir.
Təhsil müəssisəsi ilə tanış olan dövlət başçısına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verərək bildirib ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı ilə davamlı şəkildə dəstək verir.
Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış olub.