İrəvanın diplomatik manevrləri tükənir - Özəl
8 Sentyabr 2022 15:57 Siyasət"Sərhəd təxribatları sülh sazişinin hazırlanması prosesini ləngitmək, gündəmi digər məsələlərlə məşğul edərək, vaxt qazanmağa hesablanıb". Bunu "Olaylar"a özəl açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib. Qeyd edib ki, təxribatlar iki görüş fonunda diqqət çəkir. Birincisi, avqustun 30-da Moskvada üçtərəfli işçi qrupunun növbəti görüşünün keçirilməsi, ikincisi, Brüsseldə liderlərin üçtərəfli görüşünün baş tutmasıdır: "Moskva görüşündə kommunikasiyanın açılması ilə yanaşı, sərhədin delimitasiyası məsələləri də müzakirə olundu. Brüsseldə isə sülh sazişinin mətni üzərində işləyəcək işçi qruplarının bir ay müddətində yaradılması razılaşdırıldı. İrəvanın prosesi pozmaq üçün diplomatik manevrləri tükənir. Buna qədər Moskva masasında istədiyini ala bilməyəndə, Brüsselə üz tuturdu, Brüsseldə nəticə əldə edə bilməyəndə Moskvaya. Görünür, artıq diplomatik manevrləri tükənir, bu məqsədlə hərbi təxribatları genişləndirir. Təxribatların hədəfi də həm sülh danışıqları, həm də sərhədin delimitasiyasıdır. İrəvan sərhəddə gərginliyi artırmaq, Azərbaycanı qarşıdurmaya çəkərək, gündəmi dəyişmək, sülh sazişi mətninin hazırlanması prosesində ən azı vaxt qazanmaq istəyir. Buna paralel olaraq, sərhəddə gərginliyi artırmaqla "beynəlxalq müşahidəçilər" adı altında Qərb qüvvələrini, yaxud KTMT-ni bölgəyə cəlb etmək təklifini yenidən aktuallaşdırmaq istəyirlər".