Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması yönündə daha çox İran çıxış eləməlidir
9 Sentyabr 2022 09:51 Siyasət"Son dövrlər İranın Azərbaycana qarşı mənfi fikirləri müşahidə edilməkdədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Vətən müharibəsindən sonra, xüsusilə 2021-ci ildə çox gərgin İran-Azərbaycan münasibətlərini müşahidə etdik. Hazırda da bu münasibətlərin gərginləşdirilməsinə doğru İran tərəfindən bəzi həmlələr edilir. Lakin anlamaq lazımdır ki, Azərbaycan regionda çox güclü siyasi, iqtisadi, hərbi potensiala malik olan dövlətdir, Azərbaycanın yerləşdiyi geostrateji bölgə çox yaxşı iqtisadi perspektivlər vəd edir. İran-Azərbaycan əməkdaşlığı həm də şimal-cənub nəqliyyat dəhlizi üzərində inkişaf etdirilir və hər keçən il bu dəhliz üzərində yükdaşımaların həcmi artır, mənfəət vəd edir.
Azərbaycanla mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq qurmaq İranın iqtisadiyyatına da çox böyük təsir göstərir. Düşünürəm ki, rəsmi Tehran Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini düzgün dəyərləndirərək yanaşmalar tətbiq etməlidir. Heç bir vəchlə regional sülhü və təhlükəsizliyi pozan addımlara yol vermək olmaz. Eyni zamanda islam fundamentalizmi üzərində əməkdaşlığın dərinləşdirilməsi mövqeyini tutan İran, Azərbaycanla münasibətləri hər zaman prioritetdə saxlamalıdır və bu istiqamətdə addımlar atmalıdır.
Düşünürəm ki, İranda regional, iqtisadi layihələr, nəqliyyat əlaqələri ilə bağlı çox mənfi təsəvvür formalaşıb və bu Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi heç bir vəchlə İran-Ermənistan sərhədlərini pozmağa, regional nəqliyyat yollarının yenidən çəkilməsinə yönəlməmişdir, əksinə, Zəngəzur dəhlizi regional əməkdaşlıq üçün çox yaxşı bir fürsətdir. 3+3 platforması bunun bir göstəricisidir. Azərbaycan və Türkiyə regionda olan və maraqları təmin olunan bütün dövlətlərin birgə, müştərək, həmrəy fəaliyyətində maraqlıdır, İran da burda geniş yer ala bilər. Hətta İran qərb tərəfindən məruz qaldığı sanksiyalardan da iqtisadi mənfəət əldə etməklə müəyyən qədər vəziyyətini yaxşılaşdıra bilər. Ona görə də İran regional gələcəyi ilə bağlı bütün addımları dəstəkləməlidir və Azərbaycanla siyasi, iqtisadi, sosial, mədəni, humanitar münasibətlərin daha da dərinləşdirilməsi üçün təşəbbüslərlə çıxış etməlidir".

Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Yeni Media Qrupun baş redaktoru Mübariz Göyüşlü hesab edir ki, Azərbaycan və İran münasibətlərinin gərginləşməsi, nə İranın, nə də Azərbaycanın maraqlarına cavab vermir:
"Bu münasibətlərin normal olmasının tərəfdarı qismində daha çox İran çıxış eləməlidir. Yəni, İran maraqlı olmalıdır ki, Azərbaycanla münasibətlər gərginləşməsin, normal qaydada olsun. Hətta mən deyərdim ki, Azərbaycanla münasibətlər ümumiyyətlə yüksək səviyyədə olsun. Çünki Azərbaycanın İrana nə qədər ehtiyacı varsa, bir o qədər də İranın Azərbaycana ehtiyacı var. Belə bir şəraitdə normal münasibətlər qurmaq əvəzinə İranın istər rəsmi, istər qeyri-rəsmi qurumlarının nümayəndələrinin Azərbaycanla münasibətlərin gərginləşdirəcək açıqlamalar verməsi, çıxışlar etməsi, hesab edirəm, yanlış siyasət, yanlış addımdır.
Azərbaycan hər zaman İranla münasibətlərin yüksək səviyyədə olmasına, normal, sivil məcrada tənzimlənməsinə, layiqli qonşuluq münasibətinin olmasına çalışıb, cəhd göstərib və bu gün də bu siyasət Azərbaycan tərəfindən davam etdirilir. Rəsmi səviyyədə Azərbaycanın rəsmi nümayəndələrinin heç bir halda İranla bağlı hansısa aqressiv bəyənatına, İran üçün təhlükə törədəcək qərarlarına, çıxışlarına, addımlarına rast gəlmək mümkün deyil. Hətta Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad olarkən, İranla sərhəddə üzünü İrana tərəf tutaraq, Azərbaycan- İran sərhədini "dostluq sərhədi" elan etdiyini bəyan etdi və məncə, bu münasibətlərdə bundan gözəl bəyanat, çıxış ola bilməzdi ki, mən bunu çox yüksək qiymətləndirirəm. Lakin İranın bir sıra qurumları və şəxsləri, istər rəsmi qurumlar, istər qeyri-rəsmi şəxslər, qurumlar sanki, bilərəkdən və yaxud bilməyərəkdən Azərbaycana qarşı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı gərginlik yaradacaq fikirlər və qərarlar alırlar. Nəzərə alsaq ki, İran hazırda çox böyük təyziq altındadı, İrana qarşı ABŞ və İsrail başda olmaqla, beynəlxalq aləmdə nüfus və güc sahibi olan dövlətlər, təşkilatlar ona qarşı bir mövqe alıblar, İranı hərbi müdaxilə zaman-zaman söz, gündəm mövzüsu olur, belə bir şəraitdə İranın Azərbaycanla, eyni zaman da Türkiyə ilə münasibətləri pisləşdirmək əvəzinə yaxşı tutması lazımdır.
Mən Azərbaycan rəsmilərinin İrana, İran rəsmilərinin Azərbaycana səfərləri zamanı müşahidə edirəm ki, Azərbaycan tərəfi dostluq və qardaşlıqla bağlı mesajlar, verir addımlar atır. İran tərəfindən də belə çıxışlar olur. Mən düşünürəm ki, iki tərəf bir-birinə qarşı gərgin münasibətlərini saxlamaqdansa, dostluq münasibətlərinin üstün olmasını, üstünlük təşkil etməsinə çalışmalıdırlar.
Azərbaycanla İranın əməkdaşlığı həm iki ölkə arasında hansısa problemlər və anlaşılmazlıqlar, çatışmazlıqlar varsa, onları həll edə bilər, həm də bu əməkdaşlıqdan həm Azərbaycan xalqı, həm İran xalqı qalib ola bilər. Azərbaycan heç bir halda beynalxaq güclərin İrana qarşı fəaliyyətlərində yer almır və inanmıram bundan sonra da yer alsın. İran tərəfinin nümayəndələri bəzən çıxışlar edirlər ki, İsrail və yaxud hansısa bir dövlətin planlarında sanki Azərbaycan yer alır. Mən inanmıram ki, Azərbaycan tərəfinin belə bir çalışmaları olsun. Ona görə də, İran bu məsələdə rahat olmalıdır və buna əsas gətirərək Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinmək lazımdır. Azərbaycanda da qeyri-rəsmi səviyyədə, bayaq da qeyd etdim, rəsmi səviyyədə İranla münasibətləri gərginləşdirəcək hansısa fikirlər və açıqlamalar yoxdur. Qeyri-rəsmi səviyyədə, ictimai rəydə önəmli mövqe tutan təşkilatlar, şəxslər də çalışmalıdırlar ki, İranla münasibətlərin gərginləşməsi məsələlərindən mümkün qədər yan keçək. Yəni bunu o anlamda deyirəm ki, əlbəttə, İrandan sənə qarşı hansısa təhdit varsa, bunun cavabını verəcəksən. Amma yeri gəldi, gəlmədi gərginləşdirən məqamlardan yayınmaq faydalıdır. Çünki nə Azərbaycan İranla müharibə edəsi və İranı işğal edəsi deyil, nə də İran Azərbaycanla müharibə edib, onu işğal eləyəsi deyil. Gərgin münasibətlər hər iki dövlətə ziyandır. Biz problemlərimizi danışıqlar, dialoq yolu ilə, mümkün ola bilərsə, əməkdaşlıq yolu ilə aradan qaldırmalıyıq".
Röyalə Xəyal