"Siyasi partiyalar haqqında" yeni qanun siyasi proseslərə mahiyyət etibarı ilə təkan verəcək

Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır. Artıq 39 siyasi partiya qanun layihəsi ilə bağlı təkliflərini parlamentinə göndərib.Yaxın günlərdə yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Maraqlıdır, "Siyasi partiyalar haqqında" yeni qanun ölkənin siyasi politrasına nə vəd edir? Millət vəkili Tahir Mirkişili qeyd edib ki, siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir. Keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunmuş, 2020-ci ildəki Vətən Müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilmişdir. Bu dövrdə vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi: "2020-ci il parlament seçkilərindən sonra cənab İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: "Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var". Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edim ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün Rusiyada 6, Türkiyə 12, Gürcüstanda 4 (2016), Ermənistanda 4, Qazaxıstanda 4, Ukraynada isə 7 siyası partiya parlamentdə təmsil olunur. Hazırda ölkəmiz yeni bir dövrə qədəm qoymuşdur. Torpaqlarımız işğaldan azad olmuş, 30 illik konflikt başa çatmış, ordumuz bütün strateji mövqelərə sahib olmuş, iqtisadiyyatımız daha da güclənmişdir. Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır. Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hesab edirəm ki, hər bir vətəndaşın istəyidir. Bunun üçün isə ilk növbədə hesab edirəm ki, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox insitutsional imkanlar yaradılmalıdır. Məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına başlanması və ictimai müzakirə üçün açıq olması elan edilmişdir, bu prosesin açıq və demokratik olması təmin edilmişdir. Keçən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inkluzivliyinə nail olunduğuna dəlalət edir. Dünəndən etibarən qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilmişdir. Sentyabrın 28-dən başlayaraq qanun layihəsi barəsində Milli Məclisdə müzakirələrin başlanması qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafla bağlı maraqlarına xidmət edəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 03 iyun 1992-ci ildə qəbul edilib. Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilən qanun layihəsi isə 30 maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların daha da inkişafı, siyasi konstruktiv dialoqun, əməkdaşlığın daha da güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaqdır".

Millət vəkili Şahin İsmayılov bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun Azərbaycanda siyasi proseslərə mahiyyət etibarı ilə təkan verəcək: "Hər kəsə məlum olduğu kimi Azərbaycanda qanunvericilik bazası daim təkminləşdirilir, yeni qanunlar qəbul olunur, mövcud qanunlara əlavə və dəyişikliklər edilir. Qanunvericilik hərəkətliliyi canlı bir prosesdir. Ötən dövr ərzində qanunvericilik prosesinə nəzər salsaq bunu aydın şəkildə görərik. Düşünürəm ki, hazırkı dövrdə müzakirəyə təqdim olunan növbəti layihə, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi kifayət qədər vacib sahəni əhatə edir və ilkin versiya olmasına baxmayaraq olduqca mütərəqqidir. Qanun layihəsini mütərəqqi edən tərəflərdən biri layihənin hazırlanmasına əksər partiyaların cəlb olunmasıdır. 39 siyasi partiya bu layihəyə öz təkliflərini vermişdir. Bu proses layihənin konseptual olmasını şərtləndirən əsas amillərdəndir. Digər bir məqam isə qanun layihəsi ilə bağlı ictimai dinləmələrin təşkilidir. Artıq Milli Məclisin saytında ictimai dinləmələrlə bağlı elan yerləşdirilmişdir. Bu addımın özü ali qanunverici orqanın prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin göstəricisidir. Eyni zamanda xüsusilə vurğulanmalı məqamlardan biri də hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun təqribən 30 il bundan əvvəl qəbul olunmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi qanunvericilik hərəkətliliyi canlı bir prsosesdir. Digər sahələrdə olduğu kimi burada da əlavə və dəyişikliklərə ehtiyac var. Həm də onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyaya qanunvericilik baxımından da dəstək vermək lazımdır.Yeni layihə hazırlanarkən həmçinin beynəlxalq təcrübəyə də müraciət olunmuşdur ki, bu da növbəti mütərəqqi addımdır. Bütövlükdə düşünürəm ki, "Siyasi partiyalar haqqında" yeni qanun Azərbaycanda siyasi proseslərə mahiyyət etibarı ilə təkan verəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31