Şəffaf və demokratik şəkildə edilən dəyişikliklər

Artıq neçə illərdir ki, Azərbaycanda müxtəlif sahələrdə məqsədyönlü islahatlar həyata keçirilir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial və digər sahələrdə həyata keçirilən islahatların başlıca məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək, ölkədə normal ictimai-siyasi mühit yaratmaqdırsa, digər məqsəd   hər bir sahədə mövcud olan durumu dəyişib inkişaf edən dünyaya, günümüzə uyğunlaşdırmaqdır. Bu məqsədlə hər bir sahədə mövcud olan qanunvericilik bazası da zaman-zaman təkmillləşdirilir, ona bu və ya digər formada əlavə və dəyişikliklər edilir. Bu bir növ həm də zamanın tələbi sayıla bilər. Necə ki, yeni formada  "Siyasi partiyalar haqqında" qanun layihəsinin gündəmə gəlməsi kimi. Məlumat üçün qeyd edək ki, 30 il bundan əvvəl qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanuna zaman-zaman ölkədə fəaliyyət göstərən siyasi partiyaların təşəbbüsü, eləcə də daxili və xarici situasiyalara müvafiq olaraq əlavə və dəyişikliklər olunsa da, lakin ümumilikdə qanun günümüz üçün yekdil deyildi, hazırkı situasiya ilə ayaqlaşa bilmirdi. Ona görə də haqlı olaraq "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması və onun ictimai müzakirəyə çıxarılaraq qəbul edilməsi zərurəti meydana çıxmışdı. Burada diqqət çəkən və müsbət qiymətləndirilən məqamlardan biri ondan ibarətdir ki, yeni qanun layihəsinin hazırlanması zamaı ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəy və təklifləri xüsusilə nəzərə alınıb. Əgər əvvəllər istər "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, istər siyasi sahə ilə bağlı hər hansı bir qanunun hazırlanması zamanı daha çox xarici siyasi institutların rəy və tövsiyələri, təklifləri nəzərə alınır, yalnız qanun layihəsi hazır olduqdan sonra siyasi partiyalar onun bəndlərinin nədən ibarət olduğunu bilirdilərsə, indi qanun layihəsinin hazırlanmasında siyasi partiyalar birbaşa iştirak edirlər. Yeni qanun layihəsinin hazırlanması zamanı 40-a yaxın siyasi partiya tərəfindən Milli Məclisə təkliflərin göndərilməsi və həmin təkliflərin mütləq əksəriyyətinin qanun layihəsində nəzərə alınması deyilənlərin təsdiqidir. Bu həm də "Siyasi partiyalar haqqında" qanun layihəsinin şəffaf və demokratik şəraitdə hazırlandığını deməyə əsas verir.

Beləliklə, qanunverici orqanın ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı xəbərdən də aydın olur ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi artıq hazırdır və bu ayın sonunda qanun layihəsinin ictimai müzakirəsi nəzərdə tutulur.

"Siyasi partiyalar haqqında" qanun layihəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə diqqətlə nəzər yetirdikdə aydın olur ki, yeni qanun layihəsi ölkədə siyasi atmosferə yenilik gətirəcək, siyasi fəaliyyətdə əsaslı dönüşə gətirib çıxaracaq. İlk növbədə ona diqqət çəkmək lazımdır ki, qanun layihıəsinə əsasən siyasi partiyaların reyestrinin aparılması ölkədə fəaliyyət göstərən partiyaların real gücü, potensialı, üzvlərinin sayını ortaya çıxaracaq ki, bu da bəzi partiyaların özlərini nəhəng, ölkənin bir nömrəli siyasi partiyası olması iddiasını kökündən dəyişəcək. Məlumat üçün qeyd edək ki, siyasi partiya üzvlərinin reyestri (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparılacaq.

Qanun layihəsində siyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı maddə də yeniliklər nəzərdə tutulur ki. bu da qanunun qəbul edilməsindən sonra hər yolundan keçənin partiya yaratmaq istəyini məhdudlaşdıra biləcək. Belə ki, bundan sonra Azərbaycanda azı 10 min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alınacaq. 1992-ci ildə "Siyasi partiyalar haqqında" qanun qəbul edilərkən isə bu hədd min nəfər kimi qeyd edilirdi. Bu da istənilən şəxsin qohum-əqrəbasının adını təqdim etməklə partiya yaratmasına, nəticə etibarilə siyasi səhnədə hərcmərcliyin meydana gəlməsinə gətirib çıxarırdı. İndi isə qeyd etdiyimiz kimi bu hədd 10 min nəfər göstərilir ki, bu da ölkədə real güc mərkəzləri, potensial qüvvəyə malik olan siyasi partiyaların formalaşmasına yol açacaq.

Qanun layihəsinə nəzərdə tutulan digər əlavə və dəyişiklikləri də nəzərə alaraq deyə bilərik ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi Azərbaycanın siyasi cameəsinə, ölkədə siyasi fəaliyyətə yenilik, yeni yanaşmalar gətirəcək. Bu da nəticə etibarilə ölkədə daha normal siyasi mühitin formalaşmasına yol açacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31