"Aldadılmışıq, məsələni Ərdoğanla müzakirə edəcəyik" - PUTİN
7 Sentyabr 2022 15:06 SiyasətRusiya Prezidenti Vladimir Putin iyulda bağlanan taxıl dəhlizi sazişi çərçivəsində həyata keçirilən daşımaların böyük hissəsinin Avropaya getdiyini, buna görə də, aşağı gəlirli ölkələrin müqavilədən faydalana bilməyəcəyini deyib.
Vladivostok İqtisadi Forumunda çıxış edən Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də, sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün "fırıldaq" kimi olduğunu bildirib.
Taxıl müqaviləsini təmin etmək üçün əllərindən gələni etdiklərini, müqavilə şərtlərinə sadiq qaldıqlarını və təminat altına aldıqlarını ifadə edən Putin bütün bunlara baxmayaraq, Rusiyanın aldandığını söyləyib:
"Aralıq dayanacaq olan Türkiyə istisna olmaqla, Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı aşağı gəlirli ölkələrə deyil, Avropa Birliyinə göndərilir. Aşağı gəlirli ölkələr ərzaq imkanlarını itiriblər. Buna görə də, Prezident Tayyib Ərdoğanla məhsulların təyinat məntəqələrinin məhdudlaşdırılmasını müzakirə edəcəyik".
Putin Ərdoğanla gələn həftə Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində taxıl sazişini müzakirə edə bilər.
Qeyd edək ki, taxıl razılaşması noyabrda başa çatır. Ukrayna Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə yaradılan dəhlizlə daşımaları bərpa edib və ötən ay 1,5 milyon ton taxıl ixrac edib.
Sfera.az