Dünyada məşhur energetiklərin Şuşada toplanması mühüm beynəlxalq hadisəyə çevrilə bilər
3 İyun 2022 12:59 Siyasət"Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 27-cı Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi başlayıb. Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisədir. İlk "Caspian Oil and Gas" sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən "Əsrin Müqaviləsi"nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutub. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Xəzər Neft və Qaz" sərgisinə dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər. Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. İştirakçıların 55%-ni Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçıları təşkil edir. 1994-cü ildən etibarən hər il sərgilərin təşkili, miqyasının, əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının yüksəlməsi, təbriklər, bütün bunların əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasının uğuru və təntənəsi kimi qiymətləndirilir.
Xüsusilə vurğulamaq lazımdır ki, tədbirlərdən birinin Şuşada keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi mühüm hadisədir. Son dövrlər Şuşanın statusu yüksəlməkdədir. Mədəniyyət, incəsənət, multikulturalizm, siyasət, diaspora quruculuğu, qanunvericilik sahəsində tədbirlərin keçirilməsindən sonra həm də iqtisadi əlaqələrin möhkəmlənməsi və iqtisadi diplomatiya sahəsində tədbirin Şuşada keçirilməsi ölkəmizin iqtisadi aktivinə yazıla bilər. Dünyada məşhur energetiklərin Şuşada toplanması mühüm beynəlxalq hadisəyə çevrilə bilər".
Röyalə Xəyal