Bütün dünyaya verilən aydın mesaj

 

"TEKNOFEST" Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. 2018-ci ildən təşkil olunan "TEKNOFEST" festivalında Azərbaycan 2021-ci ildən iştirak edir.  Festivalın sərgi hissəsində qurulmuş Azərbaycan milli pavilyonunda 11 yerli şirkət və startapın məhsulları, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. 

"TEKNOFEST" festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. 

Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Ölkələrimiz hər zaman bir yerdədirlər. Festivalda da qeyd edildiyi kimi,  nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" bəyan etməsi  Azərbaycana əlavə güc, ruh, inam verdi. Azərbaycan xalqı bu qardaş dəstəyini  heç zaman  unutmayacaq.

Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdədir. Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə  həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə  möhtəşəm Qələbəmizin dünyaya təqdimatı olan  Zəfər paradında gördük. Bu, birliyimizin, həmrəyliyimizin təntənəsi idi. Bu birlik, dostluq, qardaşlıq hər iki ölkənin gücünü daha da artırır.

Ötən il Milli Qurtuluş Günündə Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa iki dost, qardaş ölkənin müttəfiqlik sənədinin imzalanmasına şahidlik etdi.     Şuşa Bəyannaməsindən danışan Prezident İlham Əliyev "Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı" bildirərək  bu müttəfiqliyin özünü hər bir sahədə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərməsini vurğulamışdır. Bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı  möhkəmlənəcək, müxtəlif istiqamətlər üzrə inkişaf edəcək. Gəncləri bir araya gətirən, onların potensial imkanlarını nümayiş etdirən "TEKNOFEST" Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Bu festival gələcəyimiz olan gənclərin  qarşıdakı dövrdə iki dost ölkənin əlaqələrinin inkişafına verəcəkləri töhfələrə işıq saldı.

Prezident İlham Əliyev festivalda bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Selçuk Bayraktar nəinki "TEKNOFEST"in təşkilatçısı və təşəbbüskarıdır, eyni zamanda Selçuk bəy və Bayraktar ailəsi dünyada məşhur ailədir. İkinci Qarabağ savaşında məşhur "Bayraktar" silahlarının rolunu indi dünyada bilməyən yoxdur. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST"in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur "Bayraktar" PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycan və türkiyənin daim ədalətin və haqqın yanında olduğunu bildirdi. Bu  reallıq da qeyd edildi ki,  Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.

Göründüyü kimi, "TEKNOFEST" təkcə ən böyük aviasiya, kosmos və texnologiya festivalı deyil, eyni zamanda, iki qardaş dövlətin səmimi münasibətlərinin və sarsılmaz türk birliyinin göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi, 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqil siyasət aparır, siyasətinin əsasında isə qonşu dövlətlərlə səmimi qonşuluq və tərəfdaşlıq prinsiplərini əsas tutur".

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır!

Cavid Əliyev, 
Xətai rayonu, 86 №li tam orta məktəbin direktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31