Azərbaycan dünya və Avropa üçün enerji sahəsində çox vacib ölkələr siyahısındadır
2 İyun 2022 14:56 Siyasət
"Bakıda Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışı olub. Bu tədbir 2 il pandemiya səbəbilə keçirilmədi. Artıq Azərbaycanda bu sahədə böyük irəliləyişlər var və tədbir Bakı Ekspo Mərkəzində təşkil olundu. Ölkəmiz artıq dünyada çox böyük platformaların, tədbirlərin ev sahibi kimi tanınır. Söyləmək olar ki, təkcə bu tədbir 3 ayrı layihəni özündə ehtiva edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
"Qeyd etmək lazımdır ki, Azərbaycanın paytaxtı Bakı şəhəri artıq təkcə region üçün yox, qlobal anlamda böyük tədbirlərin keçirildiyi bir məkana çevrilib.
Biz bir çox böyük tədbirlərə uğurla ev sahibliyi edirik. Yəni ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər təşkilatçılar, dünya dövlətləri, BM mərkəzləri tərəfindən ən yüksək səviyyədə təşkil olunan tədbirlər siyahısında olur. Bu bizim cənab Prezidentin yeritdiyi uğurlu siyasətin nəticəsidir və artıq ölkəmiz bu sahədə çox böyük təcrübə toplayıb.
Bu sərgidə 30-dan yuxarı müxtəlif ölkələri təmsil edən 249 şirkət təmsil olunur. Bu tədbir həm Azərbaycanda, həm beynəlxalq aləmdə çox böyük əks-səda doğurub. Bu da ölkəmizi çox cəlbedici bir məkana çevirir. Azərbaycan dünya və Avropa üçün enerji sahəsində çox vacib ölkələr siyahısındadır. Hal-hazırda qlobal aləmdə baş verən problemlər Bakının cəlbediciliyini daha da artırır və bu özü də ölkəmizdə enerji sahəsində də uğurlu, düzgün düşünülmüş siyasətin nəticəsidir.
Bakı Enerji Həftəsi formu çox uğurlu tədbirdir və dünyanın bir çox ölkələrindən iştirak edən şirkətlər, hansı ki, onların bir neçəsi ilk dəfədir iştirak edir, həm Azərbaycanın gözəlliklərini görürlər, həm burdakı mühitlə tanış olurlar, həm də yeni şirkətlər ilə münasibətlər qururlar. Bunların hər biri də iqtisadiyyatın şaxələndirilməsi və gələcək perspektivləri baxımından çox böyük önəm kəsb edir".
Röyalə Xəyal