Azərbaycan regionda enerji asılılığı olmayan dövlətə çevrilib
2 İyun 2022 12:10 SiyasətÖlkəmizin müstəqil enerji siyasəti Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı enerji strategiyasına əsaslanır
Müstəqil Azərbaycanın paytaxtı Bakı şəhəri Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının və tədbirə qatılan ölkələrin tərkibi də göstərir. Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramını çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: "Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər", "Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti", "Energy Talks" sessiyaları: "Women in power", "Bizimkilər", "Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar", "Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi", "Neft sənayesində SƏTƏM idarəetməsi", həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək. Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" 2022 sərgisi keçiriləcək. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Beləliklə, sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq. "Xəzər Neft və Qaz" sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər.
Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Ölkəmizin bir əsrdən artıq tarixə malik elektroenergetika sisteminin sürətli inkişaf dövrü Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) inşa olunmuşdu. 2400 Mvt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz bu stansiyanın payına düşür. Ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu bir çox sahələr kimi, elektrik energetikası sisteminə də təsirsiz ötüşməmiş, siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yaranmışdı. Elektrik enerjisi şəbəkələrinin yarıdan çoxu istismara yararsız vəziyyətə düşmüşdü. Milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq, Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması müstəqilliyin ilk illərindən həlli vacib məsələlər kimi qarşıda dururdu. Heydər Əliyevin bütün xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqlarda elektrik enerjisi təsərrüfatının yenidən qurulması probleminin həlli yollarının axtarılması, konkret obyektlərin inşası və bərpası ilə bağlı məsələlər əsas müzakirə mövzusu olurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xətt nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilmiş, ölkənin elektrik enerjisi sistemi, enerji istehsal edən əksər strukturlar yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Astara, Şəki, Xaçmaz və Naxçıvanın hər birində 10 aqreqat, Bakı şəhəri və Qubanın hər birində 12 aqreqat, Səngəçalda isə 18 aqreqat olmaqla 7 elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Sumqayıtın enerji təchizatının dayanıqlığının və keyfiyyətinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi etibarlılığının daha dolğun şəkildə ödənilməsi məqsədilə 2005-ci ilin avqust ayında Sumqayıt şəhərində gücü 525 MVt olan istilik elektrik stansiyasının təməli qoyulmuşdur. "Azərbaycan" İES-in beşinci və dördüncü enerji bloklarında uğurla həyata keçirilən yenidənqurma işləri nəticəsində blokların hər birinin gücü 330 MVt-a çatdırılmışdır. Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, 2005-ci ilə qədər əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı düşmüşdü. Azərbaycanın Enerji Sisteminin qoyuluş gücü 5160,7 MVt olmuşdur ki, bu da ölkənin elektrik enerjisinə olan tələbatını ödəməməklə yanaşı, elektrik enerjisinin idxalı məcburiyyətini yaradırdı. Kifayət qədər elektrik enerjisi, qaz və istiliyin olmaması ölkədə regional tarazlığın pozulmasına, nəticədə bəzi ərazilərin gün ərzində yalnız bir neçə saat elektrik enerjisi alması, elektrik təchizatında tez-tez fasilələrin və sistemdə vaxtaşırı nasazlığın yaranması kimi problemlərə yol açırdı. Elektrik enerjisi sistemində baş verən nasazlıqlar səbəbindən illik satışın 7%-i itirilirdi. Aşağı keyfiyyət və qeyri-müntəzəm elektrik enerjisi təchizatı sənaye, kənd təsərrüfatı və kommersiya fəaliyyətlərinə mane olur, iqtisadi artımı, məşğulluq imkanlarını əngəlləyirdi. Ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektinin fasiləsiz və etibarlı enerjiyə çıxışının, enerji təhlükəsizliyinin təmin edilməsi və yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addım kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamını qeyd etmək yerinə düşərdi. Milli energetikamızda yeni eranın başlanğıcını qoymuş Dövlət Proqramı on il ərzində ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd, energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Məhz bu istiqamətdə atılan addımlar nəticəsində hazırda ölkəmizdə yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək tədbirlər keçirilir. Qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular dünya liderlərinin məhz Azərbaycanda bir araya gəlməsinə səbəb olur. Dünyanın ən məhşur neft-qaz şirkətləri neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini icrası barədə fikirlərini Bakıda bölüşürlər.
Nurlan