“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

Tural İsmayılov: "Düşünürəm ki,  gələcəkdə ABŞ- Azərbaycan münasibətlərində gözəçarpan inkişafı hər birimiz görəcəyik" 

Amerika  prezidenti  Cozef Baydenin Azərbaycan  Prezidenti  İlham Əliyevə  məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.
                                                                                                                                                               
"OLAYLAR.az"-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ-la münasibətlərin  Azərbaycanın iqtisadi və siyasi həyatında nə kimi rola malik olduğunu və gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edə biləcəyini şərh edib:

Hazırda ABŞ və Azərbaycan arasında olan münasibətlər kifayət qədər yüksək və daim inkişafda olan səviyyədədir . Bugünkü günümüzə qədər Azərbaycan ABŞ ilə olan münasibətlərə hər zaman yüksək dəyər verib. Lakin , ABŞ tərəfindən ölkəmiz əleyhinə haqsız  fikirlərin formalaşdırılması və müxtəlif məsələlərdə ABŞ Dövlət Departamentinin haqsız mövqeləri cəmiyyətimizdə hər zaman ciddi narahatlıq yaradırdı . Ancaq   son dövrlərdə Co Baydenin cənab prezident İlham Əliyevə ünvanladığı mesajlarda Azərbaycanı dəyərli bilməsi , ABŞ dövlət katibi Antoni Blinkenin tez-tez İlham Əliyevlə məsləhətləşməsi ABŞ və Azərbaycan münasibətlərinin hazırki yüksək səviyyəsini bir daha sübut etmiş olur. Ümumilikdə nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və eyni zamanda ABŞ üçün də mühüm iqtisadi-siyasi əhəmiyyətə malikdir. Gələcəkdə Qarabağda aparılan yenidənqurma işlərində, bir sıra iqtisadi layihələrdə , iqtisadiyyatın diversifikasiyasında , vacib məhsulların ixracı və idxalı məsələlərində ABŞ aktiv və fəal şəkildə iştirak edə bilər. Mən düşünürəm ki, gələcəkdə ABŞ və Azərbaycan münasibətlərində daha da gözəçarpan inkişafı hər birimiz görəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31