Azərbaycan -Türkiyə qardaşlığı təmənnasız köklərə bağlıdır
2 İyun 2022 14:50 SiyasətAzərbaycan-Türkiyə münasibətləri hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur. Qarşılıqlı səfərlər, dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, birgə həyata keçirilən layihələr, tədbirlər Ankara-Bakı münasibətlərinin daha geniş mənada inkişafı üçün yeni-yeni imkanlar açır. Bu günlərdə Bakıda keçirilən "TEKNOFEST" Azərbaycan festivalı da məhz bu dostluq-qardaşlığı daha da inkişaf etdirməyə, onu yeni bir mərhələyə çatdırmağa yönəlmiş tədbir idi. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da belə düşünür. O bildirib ki, ölkəmizin mükəmməl təşkilatçılığı ilə keçirilən "TEXNOFEST - Azərbaycan " Aerokosmik və texnologiya festivalı Azərbaycan Türkiyə qardaşlığının, birliyinin dünyaya növbəti nümayişi oldu. Millət vəkili qeyd edib ki, mayın 26-29-da keçirilən festival tədbirləri çərçivəsində Türkiyə və Azərbaycan hərbi təyyarələri Azərbaycan səmasında uçuşlar edərək bizlərə qürurlu anlar yaşatdı: "Eyni zamanda festival zamanı keçirilən yarışlar, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasında, gənclər arasında aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyatı kimi sahələrin təbliğində, bu sahələrdə sahibkarlığın təşviqində böyük rol oynayacaq". Bu kimi tədbirlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini deyən millət vəkili sözügedən tədbirin iş dünyası, sahibkarlıq fəaliyyəti sahəsində də irəliyə doğru atılmış addım kimi xarakterizə edib: "Dostluq, qardaşlıq, səmimi münasibətlər üzərində qurulan və müttəfiqlik səviyyəsinə qədər yüksələn Azərbaycan-Türkiyə əlaqələri hər bir sahə üzrə daima dinamik şəkildə inkşaf etməkdədir. Bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək zirvəyə çatmış və "Şuşa Bəyannaməsi" - ndə ifadə olunmuşdur.
Sədaqət Vəliyeva bildirib ki, "Şuşa Bəyannaməsi"-nin müddəalarında Azərbaycan və Türkiyə Respublikalarının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri rəhbər tutularaq, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri müəyyən edilmiş, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi əks olunmuşdur: "Bütün bu müddəalar və ümumilikdə "Şuşa Bəyannaməsi"-nin imzalanması birliyimizin dünyaya nümayişi olmaqla yanaşı, qardaşlığımızın rəmzinə çevrilmişdir. Sədaqət Vəliyeva bildirib ki, "TEXNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış nitqi söylədilər: "Çıxış edən ölkə başçısı, cənab Prezident İlham Əliyev iki qardaş ölkənin yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olduğunu və ölkələrimizin bir yerdə addımlamasının bölgədə sülh və barış üçün böyük təkan verəcəyini xüsusi vurğuladı. Eyni zamanda Ölkə başçımız, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin başladığı ilk anlardan "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsini Azərbaycana əlavə güc və ruh verdiyini, xalqımızın heç zaman bunu unutmayacağını diqqətə çatdırdı". Çıxış edən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkənin kədərinin də, sevincinin də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq deməsi Azərbaycan Türkiyə qardaşlığının sarsılmaz və əbədi olması ilə bağlı dünyaya verilmiş mesaj idi- deyən Sədaqət Vəliyeva əlavə edib ki, eyni zamanda Türkiyə Lideri cənab Rəcəb Tayyib Ərdoğan Türkiyənin İkinci Qarabağ müharibəsində olduğu kimi, sülh dövründə də Azərbaycanın yanında olacağını və Türkiyənin regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə dəstək göstərəcəyini bildirdi:
"Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər bir sahədə dinamik şəkildə inkşaf edərək müttəfiqlik səviyyəsinə çatmışdır. Tarix boyu dünya ölkələri arasında Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Əlbətdə iki ölkə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına çatması ölkə liderləri cənab prezident İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir".
Tarixə nəzər salan millət vəkili onu da vurğulayıb ki, tarixin hər bir dönəmində, yaxşı və çətin günlərdə bir-birinin yanında olan Azərbaycan -Türkiyə dövlətləri, hər zaman bir-birinə təmannasız dəstək olub: "1920-ci ildə Türkiyə dövlətinin Azərbaycan hökumətinə maddi dəstəklə bağlı məktub göndərməsindən sonra Azərbaycan hökuməti Türkiyə dövlətinə maddi dəstək göstərir. Bu dəstəyin qaytarılması üçün Mustafa Kamal Paşanın "borcu nə zaman ya da necə qaytararıq" fikrinə, Nəriman Nərimanov "Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik" deyə cavab verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan -Türkiyə qardaşlığı təmannasız köklərə bağlıdır".
Hələ 104 il əvvəl-1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhərin işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsində böyük rol oynamışdır. Müstəqilliyimiz cəmi 23 ay davam etsə də, heç bir çətinliyə baxmayaraq Azərbaycan xalqı türk sevgisini hər zaman öz qəlbində yaşatdı və bu sevgi 90-cı illərin əvvəlində yenidən bənövşə tək çiçək açdı - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Türkiyə xalqı çox məşəqqətlər görsə də, buna baxmayaraq hər zaman öz sözünü demiş və dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Dünya miqyasında öz sülhsevər təşəbbüsləri ilə seçilən Azərbaycan-Türkiyə dövlətləri heç zaman, heç bir ölkənin torpağına göz dikməmişdir: "İkinci Qarabağ müharibəsində Azərbaycan 21-ci əsrin müharibəsini apararaq öz torpaqlarını işğaldan azad etdi və bununla da haqq-ədaləti bərpa etdi. Dünyada gedən müharibələr nəticəsində yüzlərlə uşaqların və mülki vətəndaşların ölümünün şahidi oluruq. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın apardığı Vətən müharibəsi zamanı bir nəfər mülki erməni vətəndaşının burnu belə qanamamışdır. Əlbətdə bütün bunlar Azərbaycanın humanistliyinin, demokratikliyin və beynəlxalq prinsiplərə, hüquqa riayət etməsinin göstəricisidir. Azərbaycan Türkiyə birliyini, qardaşlığını göz bəbəyimiz kimi qorumalı, gələcək nəsillərə ötürməliyik. Bunu bizdən şəhidlərimizin ruhu istəyir".
YAP fəalı Elnurə Kərimova isə deyib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər: "Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə". Natiq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir: "Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir".
O bildirib ki. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi: "Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu".
Məhəmməd