Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır

İlham Əliyev: "Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir"

Bu gün dünyanın fərqli məkanlarında keçirilən müxtəlif səviyyəli beynəlxalq tədbirlərin əsas müzakirə mövzusu, dünya liderlərinin narahatlıq motivi, nəhayət dövlətlərarası münasibətlərin, əməkdaşlıq formatlarının tənzimləyicisi qismində enerji təhlükəsizliyi amil çıxış edir. Genişmiqyaslı inflyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranının əhatə dairəsinin genişlənməsi, neftin qiymətinin kəskin şəkildə dəyişməsi iqtisadiyyatında neftin həlledici rol oyndığı ölkələrdə belə enerji amilinin təsir gücünü bir daha nümayiş olunmaqdadır. Bu amilin yaratdığı yeni geosiyasi reallıqlar enerji təhlükəsizliyi, enerji asılılığı kimi məsələlərin siyasi məzmununu daha da gücləndirməklə yanaşı, istər enerji resurslarının hasilatçısı və ixracatçısı, istərsə də idxalatçısı olan dövlətlərin öz enerji siyasətinə daha geniş aspektdə baxmasını zərurətə çevirmiş, enerji asılılığından qurtuluşu hər bir ölkənin müstəqilliyinin uzun bir dövr üçün son dərəcə vacib şərti kimi müəyyənləşdirmişdir. Müstəqil Azərbaycan dövlətinin də belə əlamətdar tarixə qədəm qoyması, beynəlxalq arenada söz sahibinə, regional gücə çevrilməsi bütün digər nailiyyətlərlə birgə, həm də məqsədyönlü enerji siyasətinin, perspektivləri bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirmiş, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilmişdir. Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış etməkdədir.

Bu günlərdə ölkəmizdə "Bakı Enerji Həftəsi"nin keçirilməsi dediklərimizin bariz nümunəsi kimi qəbul oluna bilər. Qeyd edək ki, Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan "Bakı Enerji Həftəsi" 27-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji" sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan "Bakı Enerji Forumu"nu özündə birləşdirir. Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciətində qeyd edib ki, Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir: "Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz "yaşıl artım" ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir". Göründüyü kimi milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi olaraq görünür. Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olmuşdur. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində belə çoxşaxəli yanaşma Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəsini aradan qaldırır. Ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir.

Dövlət başçısı əlavə edib ki, bu prosesdə enerji resurslarının diversifikasiyası, dekarbonizasiya, eləcə də təbii qazdan aşağıkarbonlu enerji mənbəyi kimi istifadənin artırılması xüsusi əhəmiyyət daşıyır: "İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal "yaşıl enerji zonası" konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız "yaşıl artım" ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir". Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xətt nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilmiş, ölkənin elektrik enerjisi sistemi, enerji istehsal edən əksər strukturlar yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılmış və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. Yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac vardır.  Bunun üçün isə işğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər alternativ enerji mənbələri mövcuddur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31